Meydan TV saytı ilə əməkdaşlıq edən 3 jurnalist saxlanıb və azad buraxılıb [Video] (Yenilənib)

Jurnalistlər Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva (Foto Aynur Elgünəşin Facebook səhifəsindəndir)

Jurnalistlər Ukraynadan gələrkən Bakı hava limanında saxlanıb

Sentyabrın 20-də gecə yerli vaxtla saat 1 radələrində Bakı hava limanında saxlanan Meydan TV ilə əməkdaşlıq edən 3 müstəqil jurnalist gündüz saat 12.30-da sərbəst buraxılıb.

Ukraynadan təlimdən qayıdan jurnalistlər - Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva hava limanında saxlandıqdan sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Jurnalist Sevinc Vaqifqızı Amerikanın Səsinə bildirib ki, gecə saat 1-də saxlanmalarına baxmayaraq yalnız gündüz saat 12 radələrində onlardan izahat alınıb.

“Bizi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq idarəsinin rəis müavini Murad Quliyev dindirdi. Dindirmə əsasən Mingəçevir hadisələri və Meydan televiziyasının fəaliyyəti ilə bağlı idi. Bildirdik ki, bundan öncə eyni məzmunlu ifadələri Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində vermişik. O dedi ki, istintaqın bəzi məqamlarını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. İzahatlarımızı aldırqdan sonra hər üçümüzü azad buraxdılar. Saxlanan zaman götürülmüş şəxsi əşyalarımızı, pulumuzu və jurnalist ləvazımatlarımızı özümüzə qaytardılar”, o qeyd edib.

***

Meydan TV ilə əməkdaşlıq edən daha 3 müstəqil jurnalist sentyabrın 19-dan 20-nə keçən gecə saat 1 radələrində Binə hava limanında saxlanılıb. Ukraynadan təlimdən qayıdan jurnalistlər - Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayevaya deyiblər ki, onların adı sistemdə blok edilib. Jurnalistlərlə bağlı 1137, 1138 və 1139 saylı akt tərtib edilib.

Saxlanılan jurnalistlərin verdiyi məlumata görə, onlar hava limanından Daxili İşlər Nazirliyinin "bandotdel" kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Bu barədə Meydan.tv saytı məlumat yayıb.

Hazırda Meydan TV ilə əməkdaşlıq edən daha bir müstəqil jurnalist Şirin Abbasov da 30 sutka azadlıqdan məhrum edilərək, həmin idarədə saxlanılır.

Rəsmi qurumlar jurnalistlərin saxlanmasının səbəbləri ilə bağlı hələ şərh verməyib.