Mehri Cəfəri: İran parlamentindəki azlıqlar da əksəriyyətin sözünü deyirlər

Mehri Cəfəri, hüquqşünas

Birləşmiş Millətlər Təşkilatının bu yaxınlarda keçirdiyi insan haqları, demokratiya və qanun aliliyi üzrə forumda bu prinsiplərin təşviqçisi olaraq parlamentlərin rolu dəyərləndirilib. Həmin forumda etnik azlıqların İran parlamentində təmsil olunmadığını gündəmə gətirən hüquqşünas Mehri Cəfəri Amerikanın Səsinə danışıb.

Your browser doesn’t support HTML5

Mehri Cəfəri Amerikanın Səsinə

Mehri Cəfəri İran Azərbaycanında baş verən hüquq pozuntuları haqda hesabatlar hazırlayan AHRAZ cəmiyyətinin nümayəndəsi kimi BMT-nin forumuna qatılıb.

Qeyri-demokratik olduğunu bildiyimiz ölkələrdən nümayəndələr gəlib bu forumda danışırlar. Onlara qulaq asanlar elə fikr edir ki, bunlar öz millətlərinin mümayəndələridir.

​Onun dediklərinə görə, bu forumun hədəflərindən biri beynəlxalq qanunların düzgün tətbiq edilməsi istiqamətində müxtəlif ölkələrin parlamentləri arasında əməkdaşlığı inkişaf etdirməkdir.

Londonda yaşayan hüquqşünas bu kimi forumlarda qeyri-hökümət təşkilatlarının iştirakının önəmli olduğunu vurğulayır.

“Qeyri-hökümət təşkilatlarının çox böyük rolu olur. Çünki qeyri-demokratik olduğunu bildiyimiz ölkələrdən nümayəndələr gəlib burada danışırlar. Onlara qulaq asanlar elə fikr edir ki, bunlar öz millətlərinin mümayəndələridir. Qeyri-hökümət təşkilatları gedib bunun belə olmadığını anladırlar.”

“Bu forumlarda bu məsələni nəzərdə tutmalıdılar ki, əsasən parlament nəyə deyilir?” deyə Mehri Cəfəri İran İslam Respublikası kimi demokratik seçkilərin olmadığı ölkələrdə həqiqi parlamentlərin də mövcud olmadığını önə çəkir.

Hüquq müdafiəçisi deyir, “mən oradakı çıxışımda etnik azlıqların vəziyyətini bir nümunə olaraq açıqladım. Amma əlbəttə ki, bu məsələnin tamamı deyil. Hər baxımdan baxsaq, bir nümayəndə o zaman gedib orada beynəlxalq qanunların icrasına yol göstərə bilər ki, özü qanuni bir parlamentin nümayəndəsi ola. Standartlara baxanda deyə biləsən ki, bu, bir parlamentdir. İran bu foruma qatılmamışdı, amma İran kimi ölkələrdən məsələn Suriyanın nümayəndəsi bir neçə dəfə danışdı.”

Bir neçə qadın gedəndə də kişinin baxışını irəli sürürlər. Çünki, sistem kişinin baxışı əsasında qurulub. Etnik qrupların da durumu qadınlar kimidir..

O əlavə edir, “yəni əvvəl gərək bir sistem yaradalar ki, o ölkələrə basqı olsun. Doğrudur, bu forumların elə gücü yoxdur ki, ölkələrə basqı tətbiq etsin, amma mövzu haqqında danışmaq lazimdir.”

Cəfəri hesab edir ki, İran İslam Respublikası kimi ölkələrin parlamentlərində xüsusilə azlıqlar və qadınların siyasətdə təmsil olunması mümkün olmur.

“Burada əksəriyyət ilə azlığın durumu fərqli olur. Qadınları desəm, məsələn, doğrudur ki, bu seçkilər heç kəsə demokratik deyil. Doğrudur ki, kişilərin də öz nümayəndələri getmir məclisə. Amma yaxından baxanda, orada qadının heç bir məsələsi danışmır. Çünki sistemdə qadın baxışı yoxdur... Bir neçə qadın gedəndə də kişinin baxışını irəli sürür. Çünki sistem kişinin baxışı əsasında qurulub. Etnik qrupların da durumu qadınlar kimidir,” Mehri Cəfəri əlavə edib.