Amerikanın Səsinə müsahibədə İranda əfqan mühacir ailənin 6 yaşlı qızının oğurlanıb öldürülməsi olayına münasibət bildirən Mehri Cəfəri İranda qaçqın, uşaq ya qadın olmağın doğurduğu problemlərdən bəhs edib. O, bir sıra sosial faktorların şəxslərin özünü-müdafiə imkanlarını məhdudlaşdırdığını, bu faktorların toplam halda faciə riskini daha da artırdığını vurğulayır.
Cəmiyyətdə baxışlar elə dəyişməlidir ki, hər kəs desin, 'başqasının uşağı da mənim uşağım kimidir, mən özüm başqa ölkəyə gedəndə uşağıma necə baxılmasını istəyirəmsə, mühacirin də uşağına eyni münasibət göstərilsin.'
Bu günlərdə Tehran vilayətinin Vəramin şəhərində yaşayan 6 yaşlı əfqan qız Sitayiş Qureyşinin 17 yaşlı bir iranlı oğlan tərəfindən oğurlanıb öldürülməsi xəbəri öncə Əfqanistan, sonra İran mətbuatı və sosial medianın gündəminə çıxaraq əhali və insan haqları fəalları arasında geniş təpki oyandırdı.
Londonda yaşayan hüquqşünas və insan haqları fəalı Mehri Cəfəri həmin olayla bağlı münasibət bildirməklə yanaşı İrandakı əfqan qaçqın və mühacirlərdən əlavə Avropadakı son qaçqın böhranı və yoxa çıxan qaçqın uşaqlar haqqında düşüncə və təhlillərini Amerikanın Səsi ilə paylaşıb.
Mühacir və qaçqın ailələrin digər ailələrlə müqayisədə daha çətin şərtlərdə yaşadığına diqqət çəkən hüquq müdafiəçisinin sözlərinə görə, “şiddət durumlarında ata-ana bir ailədən gözlənildiyi şəkildə uşaqlarını müdafiə edə bilmirlər. Bunlar hər cəhətdən azlıq vəziyyətindədirlər. Özləri və uşaqlarını başqa ailələrin qoruduğu kimi qoruya bilmirlər... Burada da əfqan uşaqların təhsil, sağlıq, yaşayış, inkişaf və başqa şeylərdə bərabər hüquqları yoxdur. İran kimi Uşaq Haqları Konvensiyasının icrasını lazim görməyən ölkələrdə durum daha da pisləşir.”
İki tərəfdə də çalışmaq lazimdir; biri dövlətdir biri də millət özüdür. Baxışlar elə dəyişdirilməlidir ki, hərkəs desin, başqasının uşağı da mənim uşağım kimidir, mən özüm başqa ölkəyə gedəndə uşağıma necə baxılmasını istərdim...Mehri Cəfəri
Mehri Cəfəri mühacir, qadın, uşaq və yoxsul olmaq kimi amillərin hər birinin insanların zorakılıq qarşısında müdafiəsiz olmasına yol açdığını vurğulayaraq bu amillərin üst-üstə gəlməsi ilə müdafiəsiz qalmaq riskinin daha da artdığını vurğulayır. O, həmin insanların etnik və milli mənsubiyyəti həmçinin mühacirət etdiyi ölkələrdəki şəraitin də bu durum üzərində təsir buraxdığını deyir.
“Biri ki qız uşağıdır, elə qız olmaq, qadın olmaq bizim toplumlarda özü əsasən azlıq olmaqdır. Çünki, qadın olduğu üçün onun özünü müdafiə etmə gücü azalır. O, qızın yoxsul toplumda olması da bu riski çoxaldır. Uşaq olması da qorunmasını çətinləşdirir. Habelə sadəcə mühacir olması deyil, bəlkə elə əfqan olması və İranda olması da şiddəti artırır. Çünki, qaçqınlara hər ölkədə bir cür baxış var. İranda təəsüf ki qaçqınların qorunması üçün minimum qanunlara riayət olunmur...”
Hüquqşünas Uşaq Haqları Konvensiyasının İran dövləti tərəfindən imzalandığına diqqət çəkərək həmin sənədin mühacir və qaçqın uşaqların digər uşaqlarla bərabər hüquqlar və fürsətlərə malik olmaları zərurətinə dair maddəsinin icra edilmədiyini ifadə edir.
İranda əfqan uşaqların təhsil, sağlıq, yaşayış, inkişaf və başqa şeylərdə bərabər hüquqları yoxdur.Mehri Cəfəri
Mehri Cəfəri müxtəlif ölkələrdə mühacir uşaqlarla bağlı problemlərin çözülməsi istiqamətində həyata keçirilən fəaliyyətlərdə həm toplumlar həm də dövlətlərdə mövcud olan problemlərə diqqət yetirməyin zəruri olduğunu önə çəkir.
“Bizim başqa ölkələrdən gələn mühacirlərə olan baxışımız gəlir özünü icra orqanlarında, dövlətlərin proqramları və planlarında özünü göstərir... İki tərəfdə də çalışmaq lazimdir; biri dövlətdir biri də millət özüdür. Baxışlar elə dəyişdirilməlidir ki, hər kəs desin, başqasının uşağı da mənim uşağım kimidir, mən özüm başqa ölkəyə gedəndə uşağıma necə baxılmasını istəyirəm... Amma, əhalinin baxışını düzəltmək çox zaman aparar. Dövlətlər məsələsində başqa yollar axtarılmalıdır. Biraz da gərək dövlətlər üzərində basqı olsun..,” deyə insan haqları fəalı əlavə edir.