Rauf Mirqədirovun həbs müddəti daha 4 ay uzadılıb (Yenilənib)

Rauf Mirqədirov

Jurnalist ittihamı absurd sayır

Bu gün Nəsimi Rayon Məhkəməsi jurnalist Rauf Mirqədirovun barəsində həbs qətimkan tədbirinin daha 4 ay müddətinə (noyabr ayınadək) uzadılması haqqında qərar qəbul edib.

Vəkil Elmar Süleymanov Amerikanın Səsinə bildirib ki, jurnalistin həbs müddətinin uzadılması Baş Prokurorluğun təqdimatı əsasında olub.

İstintaq qrupunun nümayəndəsi məhkəmədə bildirib ki, ibtidai istintaq istintaq hərəkətlərinin davam etdirilməsi üçün həbs qətimkan tədbrinin uzadılmasını lazım bilir.

İstintaq qrupu həmçinin jurnalist Rauf Mirqədirov azadlıqda qalarsa istintaqdan qaçıb gizlənmə ehtimalını da əsas gətirib.

Bu zaman Rauf Mirqədirov atasının ölümü ilə bağlı bir neçə gün azadlıqda qaldığını və heç bir yerə qaçmadığını, həmçinin anasının səhhətinin nəzəarə alınmasını istəyib.

Hakim isə bunları nəzərə almayıb.

Vəkil bildirib ki, iyulun 16-da Rauf Mirqədirovun ibtidai istintaqa ifadəsi davam edəcək.

Vəkili Elmar Süleymanov məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

***

Bu gün saat 16-da Bakının Nəsimi rayon Məhkəməsi həbsdə olan "Zerkalo" qəzetinin müxbiri Rauf Mirqədirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay uzadılması məsələsinə baxacaq. Bu barədə Amerikanın Səsinə vəkil Elmar Süleymanov bildirib.

Onun sözlərinə görə Baş Prokurorluq bu barədə məhkəməyə təqdimat göndərib.

Eyni zamanda iyulun15-i Rauf Mirqədirovun doğum günüdür. Onun 53 yaşı tamam olur. Amma bu dəfə Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında.

Rauf Mirqədirov Türkiyədən deportasiya edildikdən sonra aprelin 19-da həbs edilib. O, Ermənistanın xeyrinə casusluqda ittiham olunur. Aprelin 21-də məhkəmə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbirini seçib.

Jurnalist ittihamı absurd sayır.

Ötən həftə ibtidai istintaqa ifadə verən jurnalist ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb.Özünü təqsirli bilməyib.