Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi

Məhəmməd Əmin Rəsulzadənın məzarı (Foto tədqiqatçı-alim Ədalət Tahirzadənin Facebook səhifəsindən götürülüb)

Müsavat Partiyası qərargahında, hökumət Milli Dram Teatrında tədbir keçirəcək
Müsavat Partiyası paytaxt meriyasının Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi üçün 500 nəfərlik yer verməkdən imtina etməsi ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir:

“Müsavat Partiyası 16 yanvar 2014-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubiley tədbirinin keçirilməsi üçün Bakı şəhərində yerləşən 500 nəfərin iştirak edə biləcəyi toplantı zalının ayrılmasını istəyib. Tədbirin 30 yanvar tarixində keçirilməsi nəzərdə tutulub. Yalnız dünən - 28 yanvar 2014-cü il tarixində günortadan sonra Bakı şəhər İcra Hakimiyyəti müraciətimizə cavab olaraq tədbirin keçirilməsi üçün Bakı şəhərinin ucqarında yerləşən -Əmircan və Qaraçuxur qəsəbələrindəki Mədəniyyət evlərini təklif edib. Əmircan qəsəbəsində yerləşən Mədəniyyət evinin rəhbərliyi ilə görüş zamanı onlar Bakı şəhər Turizm İdarəsinin rəisinin bu məsələyə razılıq verməsinin vacibliyini bildiriblər. Günün sonunadək bu məsələnin müzakirəsi üçün Bakı şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsinin rəisi Zaur Ramazanovla əlaqə qurmaq mümkün olmayıb. Yalnız bu gün saat 12.30 radələrində məsələnin müsbət həllinə nail olunub. Bu razılıqdan sonra məlum olub ki, Əmircan qəsəbəsində yerləşən Mədəniyyət evinin istilik sistemi normal fəaliyyət göstərmir.

Bütün bunlar bir daha təsdiq edir ki, M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının sərəncamı deklarativ xarakter daşıyır. Hakimiyyət nəinki Rəsulzadənin yubiley tədbirlərini keçirmək fikrindədir, əksinə belə bir tədbirin keçirmək təşəbbüsü irəli sürən Müsavat Partiyasına müvafiq toplantı zalı ayırmaqdan dolayısıyla imtina edir və ya bu tədbirin keçirilməsi üçün cüzi şəraitin belə olmadığı yerlər təklif etməklə Rəsulzadəyə və Cümhuriyyət dəyərlərinə ögey münasibətini ortaya qoyur.

Onu da qeyd edək ki, yubiley tədbirlərinin keçirilməsi üçün Beynəlxalq Mətbuat Mərkəzinə olan müraciətimizə, əvvəlcə heç bir problem olmayacağı deyilsə də, sonradan yer ayrılmasından imtina edilməsi də hakimiyyət tərəfindən Rəsulzadəyə sayğısızlığın başqa bir təzahürüdür.

Müsavat Partiyası hakimiyyətin M.Ə.Rəsulzadənin yubileyinə sayğısız münasibətini pisləyir və bunun yolverilməz olduğunu bəyan edir”, sənəddə qeyd edilir.

M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə baglı Müsavat Partiyasının bayram tədbiri 30 yanvar 2014-cü ildə saat 1500-da Müsavat Partiyasının qərargahında başlayacaq.
Öz növbəsində M.Ə.Rəsulzadənin 130 illik yubileyi rəsmi şəkildə də qeyd olunacaq.

Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar yanvarın 31-də paytaxtda, İstiqlaliyyət abidəsi önündə mərasim təşkil olunacaq.

Həmin gün axşam isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçiriləcək.