“Bizim Həbib Sahir və Bulud Qaraçorlu (Səhənd) kimi güclü şairlərimiz var idi, amma bunların şeirləri çap ola bilmirdi,” deyə Məhəmməd Rəhmanifər İranda türkcə kitabların çapına icazə verilmədiyi bir dövrdə ustad Şəhriyarın məşhur Heydər Babaya Salam şeirinin yayımlanıb əhalinin əlinə çatmasını önəmli bir hadisə kimi dəyərləndirir. Təbrizdən Amerikanın Səsinə danışan yazar məşhur şairin vəfatının 28-ci ildönümü münasibəti ilə onun qoyduğu irsi və İran Azərbaycanında Türk dilinə xidmətini şərh edir.
Your browser doesn’t support HTML5
Məhəmməd Hüseyn Şəhriyarın vəfatının ildönümü 17 sentyabr eyni zamanda İranda Fars Şeiri və Ədəbiyyatı günü olaraq elan edilib. İranda bəzi qruplar Fars Şeiri və Ədəbiyyatı gününün Şəhriyar deyil, Firdovsi adına qeyd edilməsini istəyirlər. Məhəmməd Rəhmanifər müsahibədə mövzu ilə bağlı fərqli baxışları açıqlayıb.
Rəhmanifər ustad Şəhriyarın türk dilinə xidmətini onun İran Azərbaycanına buraxdığı irsi kimi qiymətləndirir.
Şəhriyar özəlliklə bir dövrdə türkcə şeirlər yazıb və dillərə saldı ki İranda türkcə kitabların yayılmasına icazə verilmirdi. Bu şəraitdə onun Heydər Babaya Salam şeiri İranda çap olub və türkcəni diri saxlamağa yardım etdi.Məhəmməd Rəhmanifər
Şəhriyarla birlikdə özgələşməkdən özləşməyə doğru adlı kitabın müəllifinin sözlərinə görə, “Şəhriyar özəlliklə bir dövrdə türkcə şeirlər yazıb və dillərə saldı ki, İranda türkcə kitabların yayılmasına icazə verilmirdi. Bu şəraitdə onun Heydər Babaya Salam şeiri İranda çap olub və türkcəni diri saxlamağa yardım etdi.”
Onun dediklərinə görə, “Şəhriyar bir şairdir ki, Azərbaycanda hər evə yol aça bilib. Bu, bu mənaya gəlməz ki Şəhriyar mütləq başqa şairlərimizdən daha güclüdür. Onunla əlaqəsi yoxdur. Şərtlər elə olub ki Şəhriyarin şeiri əhalinin evlərinə çatıb... Bizim türkcə yazan güclü şairlərimiz var idi, Həbib Sahir, Bulud Qaraçorlu (Səhənd) və başqaları. Amma onların kitabları çap ola bilmirdi.”
Güneyli araşdırmaçı türk dilinin basqılara məruz qaldığı Pəhləvi dönəmində digər şairlərin əksinə Şəhriyarın şeirlərinin yayımlanmasına icazə verilməsinin səbəblərini belə izah edir:
“Nədən başqa şairlərin şeirləri çap ola bilmirdi, amma Şəhriyarınkı çap olurdu? Buna bir çox səbəb demək olar. Bunların biri Şəhriyarın öncədən özünə fars şeirində yüksək mövqe qazanmış olması idi. Digər şairlər bu mövqeyə sahib deyildilər. Şəhriyar ayrıca Pəhləvi sarayına yaxın idi...”
Türk fəalların bir qrupu ustad Şəhriyarın bəzi farsca şeirlərində Arya irqini tərifləməsini tənqid edirlər. Bu mövzu ilə bağlı münasibət bildirən Məhəmməd Rəhmanifərin Şəhriyarın şeirlərində bəzi ziddiyətli məqamlara diqqət çəkir.
“Özünü bəzi şeirlərində Arya [irqinə mənsub] adlandıran Şəhriyar başqa şeirlərində də özünü türk oğlu adlandırır,” deyə Rəhmanifər əlavə edir.