Avqustun 21-də Naxçıvanda döyülən İlqar Nəsibov ilk müsahibəsini Amerikanın Səsinə verib.
O səhhəti, müalicəsi, döyülməsinin səbəbləri, araşdırmanın ləng aparılmasından danışıb. İlqar Nəsibov Türkiyənin Van şəhərinin Tibb Universitetinin hospitalında müayinə aldıqdan sonra sentyabrın 1-də Naxçıvana dönüb.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Hazırda səhhətiniz necədir? Türkiyədə həkimlər nə dedi?
Həkimlər dedilər ki, sifətimdə və bədən nahiyəmdə qabırğamda sümüklərdə qırıqlar var.
İlqar Nəsibov: Hazırda səhhətim normallaşmağa doğru gedir. Müayinə üçün Türkiyəyə getmişdim. Həkimlər dedilər ki, sifətimdə və bədən nahiyəmdə qabırğamda sümüklərdə qırıqlar var. Qırıqlar elə yerdədir ki, onlara müdaxilə etmək artıq gecdir, zamana buraxmaq lazımdır. Zaman keçdikcə yavaş-yavaş düzəlməlidir. Bir də gözümün altında sağ tərəfdə üst çənə sümüyüm qırılıb, orada ciddi zədələr almışam, sümüklər zədələnib. Sifətimin sağ tərəfində keylik var, sifətimdə tam mənada hissiyyat yoxdur.
Amerikanın Səsi: Həkimlər nə müalicə təyin etdi? Nə vaxta sağalacağınızı dedilər?
İlqar Nəsibov: Müddət aparacaq. Müayinədən sonra dərmanlar yazdılar. Bir müddət müalicəyə ehtiyac var, səs-küydən uzaq olmaq lazımdır. Sakit şəraitdə müalicə almalıyam, Zamana buraxdılar. Zaman keçdikcə yavaş-yavaş fəsadlar aradan qalxacaq.
Amerikanın Səsi: Naxçıvan Polis İdarəsinin məlumatında deyilir ki, siz münaqişə zəminində döyülübsünüz və inzibati araşdırma aparılır? Necə qiymətləndirirsiniz, münaqişə zəminindəmi döyüldünüz?
O, çox isterik vəziyyətdə idi, əl-ayağı əsirdi, qorxurdu.
İlqar Nəsibov: Yox, bu tamamilə saxta bir bəyanatdır. Belə deyərdim ki, mənə qarşı ittihamdır. Yəni bunların heç biri həqiqətə uyğun deyil.
Avqustun 21-də axşam saatlarında mənim görüşəcəyim adamla telefon danışıqlarımı da çıxara bilərlər. Mən onunla necə danışmışam, o məni necə ofisə dəvət edib. O öz dərdini deməyə çalışıb, mən də onu dinləməyə getmişəm. Ondan sonra o adam telefonda başqa kənar adamlarla danışıb. Mən hiss etdim ki, onlardan göstəriş alır, o məcbur edilir, nəsə eləsin. Yəni o çox isterik vəziyyətdə idi, əl-ayağı əsirdi, qorxurdu. Ondan sonra gölzəmədiyim şəkildə o mənə zərbələr endirdi, boyun nahiyəmdən tutub bərk sıxdı. Huşumu itirəndən sonra, dumanlı yadıma gəlir ki, içəri adamlar gəldi. Mən onların heç birinin sifətini görə bilmədim. Amma adamlar ofisə doluşdu və məni vurmağa başladılar. Açıq deyim, özümdə deyildim, bir o qədər ağrı da hiss etmirdim, məni hara vururlar, necə çırpırlar. Ayılandan sonra baxdım ki, qan izlərim ofisin divarlarında, yerdə hər yana yayılıb.
Amerikanın Səsi: Həmin məlumatda yazılıb ki, siz içkili vəziyyətdə olubsunuz. Eyni zamanda sizlə qarşı duran şəxs də içkili olub. Doğrudan da içmişdiniz?
İlqar Nəsibov: Onlar da tamamilə saxtadır. Bu prosesin gedişində özünüz də görürsünüz ki, prosesin gedişinə birbaşa hakimiyyət tərəfindən müdaxilələr var. Yəni bunlar saxta ittihamlar irəli sürürlər, saxta bəyanatlar verirlər. Əgər mən orada sərxoş, içkili vəziyyətdə olsa idim, sizi yüz faiz əmin edirəm ki, xəstəxana şəraitində məni müayinə edib sərxoşluqla bağlı da bir sənəd tərtib edərdilər. Amma, bu olmayıb.
Amerikanın Səsi: Bəs, sizin döyülməyiniz, belə qəddar döyülməyiniz nə ilə bağlıdır?
Bizim Naxçıvandakı fəaliyyətimiz hakimiyyəti çox narahat edir.
İlqar Nəsibov: Hesab edirəm ki, bizim Naxçıvandakı fəaliyyətimiz hakimiyyəti çox narahat edir. Digər tərəfdən də Turac Zeynalovun işi Avropa İnsan Haqları Məhkəməsində olduğundan, iş artıq kommunikasiyaya götürülüb və bizim hökumətə sorğular göndərilib. Gözləyirik ki, oktyabrda bu məsələ ilə bağlı qərar açıqlanacaq. Həm onları bu narahat edir, həm də biz tarixlərə də fikir verdik, mənim döyüldüyüm Turac Zeynalovun ölüm tarixi ilə eyni günə düşür. Yəni bu bir qisas əməliyyatı idi.
Amerikanın Səsi: İnzibati araşdırmanın gedişi ilə bağlı sizə məlumat verirlərmi? Razısınızmı araşdırmadan?
İlqar Nəsibov: İnzibati araşdırmanın gedişi ilə təbii ki, razı deyilik. Hadisə avqustun 21-də baş verib. Bu gün günorta yenə məni məhkəmə tibbi ekspertizaya dəvət etdilər. Orada həkim sifətimdəki yaraları xətkeşlə ölçdü və rəyini yazdı. İndiyədək cinayət işinin açılmaması, işin yubadılması, mən hiss edirəm ki, burada başqa bir qərəz var.
Amerikanın Səsi: Şikayət etmək fikriniz varmı?
İlqar Nəsibov: Mən polisə şikayət ərizəsi vermişəm. Yəni ilkin istintaqı polis aparır. Bu araşdırmanın nəticəsi olaraq polis işi prokurorluğa verməlidir, cinayət işi açılmalıdır. Əgər cinayət işi açılmasa, yenidən şikayət vermək fikrim var.
Amerikanın Səsi: Hazırda özünüzə, ailənizə qarşı təhlükə hiss edirsinizmi?
İlqar Nəsibov: Ailəmə və özümə qarşı burada təhlükə hər zaman var. Yəni bunların nə edəcəyi bəlli deyil. İzləmələr var, telefon danışıqlarını izləyirlər. Həkimə gedəndə baxıram ki, izləmə prosesləri gedir. Başqa-başqa adamlar gəlib maraqlanır, hətta mindiyim taksiyə belə müdaxilə edirlər ki, hara gedirsən. Belə hallar baş verir.