“Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirovun vəkilləri onun həbsinin 4 ay uzadılması qərarından verdiyi apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının baxışından çıxarılıb, Nəsimi məhkəməsinə qaytarılmasını tələb edirlər.
Bu barədə Amerikanın Səsinə vəkil Elmar Süleymanov bildirib.
Onun sözlərinə görə, jurnalistin həbsinin 4 ay uzadılması ilə bağlı 15 iyul prosesindəki pozuntularla bağlı qeydlərini iyulun 19-da Nəsimi məhkəməsinə göndəriblər.
Lakin məhkəmə qeydlərlə bağlı qərar qəbul etmədən, işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Vəkil hesab edir ki, Nəsimi məhkəməsi CPM-in 51.7-ci maddəsini pozub.
Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunduqdan sonra saxlanılıb. O, Ermənistanın xeyrinə casusluqda və vətənə xəyanətdə ittiham olunub.
Aprelin 21-də məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbirini seçib. İyulun 15-də həbs müddəti uzadılıb.
Jurnalist ittihamları rədd edərək, absurd və siyasi motivli hesab edir.