Londonda Harlem Shake aksiyası

Londonda Harlem Shake aksiyası (Foto Human Rights Groups-dur)

Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada siyasi məhbusların azadlığa buraxılması tələb edilib. Gənc fəal İlkin Rüstəmzadə Harlem Shake videosu ilə bağlı həbsdədir
Iyunun 13-də Azərbaycanın Londondakı səfirliyinin qarşısında Harlem Shake aksiyası keçirilib. Aksiyanı “Demokratiya Naminə İncəsənət” (Art for Democracy) kampaniyası, ARTICLE 19 və Senzura İndeksi (Index on Censorship) təşkilatları tərəfindən təşkil edib.

Aksiya təşkilatçılarından Turan-a verilən məlumata görə, aksiyaya səbəb gənc fəal İlkin Rüstəmzadənin Harlem Shake videosu ilə bağlı olan siyasi motivli həbsidir.

Etiraz aksiyasının iştirakçıları Rüstəmzadənin həbsini ön plana çəkmək məqsədi ilə Harlem Shake videosu hazırlayıb. Videonun hazırlanmasında məqsəd beynəlxalq diqqəti Azərbaycanda siyasi məhbus probleminə və ölkədə insan haqlarının narahatedici durumuna yönəltməkdir.

“Azərbaycanda insan haqlarının durumu hər gün pisləşməkdədir və biz bunun oktyabrda keçiriləcək prezident seçkiləri öncəsi daha da ağırlaşacağından narahatıq. Britaniya hökuməti də daxil olmaqla, beynəlxalq ictimaiyyət Azərbaycanda insan haqlarının pozulmasına qəsdən göz yumma siyasətinə son qoymalı və digər maraqları ölkənin demokratikləşməsindən daha üstün tutmamalıdır”, Demokratiya Naminə İncəsənət kampaniyasının nümayəndəsi Rebekka Vinsent bildirib.

Eyni zamanda, ARTICLE 19 təşkilatının icraçı direktoru doktor Aqnes Kalamard deyib ki, Rüstəmzadənin həbsi siyasi motivli həbs dalğasının bir hissəsidir.

“Azərbaycanda jurnalistlər, siyasi müxalif qrupların üzvləri və incəsənət xadimləri hakimiyyəti tənqid etdiyinə görə bir qayda olaraq təqib olunur”, deyə Aqnes Kalamard bildirib.

“Azərbaycanda ifadə azadlığı üçün mühit pisləşməkdə davam edir - ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində belə bir durum xüsusilə narahatlıq doğurur”, deyə Senzura İndeksi təşkilatının təşviqat şöbəsinin rəhbəri Mayk Harris qeyd edib.

Onun sözlərinə görə, hökumət jurnalistləri, blogerləri və vətəndaş cəmiyyəti fəallarını susdurmaq üçün zorakılıqdan, təhdiddən, sərt qanunlardan və diffamasiya cəzasının internetdə yayılan məzmununa da şamil olunmasını nəzərdə tutan son qanunvericilik dəyişikliklərindən istifadə edir.

“Seçkilərin azad və ədalətli olması üçün Azərbaycan bu problemləri aradan qaldırmalı və insan haqları ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməlidir”, deyə Mayk Harris qeyd edib.