Tehranda həbsdə olan türk fəalların durumu ağırdır

Tehranda həbs edilmiş fəallar

Azərbaycan fəalları və hüquq müdafiəçiləri fevral ayında Dünya Ana Dili Günü ilə bağlı kütləvi həbslər zamanı nəzarət altına alınmış və hazırda Tehranın Evin həbsxanasında saxlanılan milli fəalların durumu ilə bağlı narahat olduqlarını bildirir.

“Dünya Ana Dili Günü ilə bağlı tədbir keçirdikləri üçün nəzarət altına alınmış Tehranda yaşayan türk fəallara qarşı tətbiq edilən basqılar narahatedici bir şəkildə artıb,” deyə qeyd edən Oyan News veb səhifəsi hazırda Tehranın Evin həbsxanasında saxlanılan milli fəalların ağır təzyiqlərə məruz qaldığını bildirib.

Yayılan məlumatda xüsusilə Əkbər Azad, Əlirza Fərşi və Behnam Şeyxinin səhhətinin yaxşı olmadığı vurğulanıb.

Fevral ayının 21-i Dünya Ana Dili Günündə Tehranda keçirilən tədbirlə bağlı nəzarət altına alınmış milli fəalların bir neçəsi zaminə buraxılsa da, azı 6 fəal o cümlədən, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi Nadarlı, Mahmud Ocaqlı və Rüstəm Kazımpur hələ də sərbəst buraxılmayıb.

Azərbaycan veb səhifələri Behnam Şeyxinin aclıq aksiyasına başladığı, tanınmış yazar Əkbər Azadın isə mədəsində problemlər yaşadığını bildirib.