Accessibility links

Muğanlı fəallar Ərdəbil zindanına göndərilib


Nasir Əbdülhüseynzadə və Səid Hüseyni
Nasir Əbdülhüseynzadə və Səid Hüseyni
Beynəlxalq Ana Dili Günü ərəfəsində güneyin Muğan bölgəsinin Parsapad şəhərində İranın təhlükəsizlik məmurları tərəfindən həbs edilmiş güneyli öyrəncilər Səid Hüseyni və Nasir Əbdülhüseynzadə təqribən üç həftə Ərdəbilin Ettelaat həbsxanasında sorğu-suala çəkildikdən sonra şəhərin mərkəzi zindanına köçürülüblər.

İki milli fəal Beynəlxalq Ana Dili Günündən bir neçə gün öncə fevralın 17-də Parsabad şəhərində nəzarət altına alınıb, üç gün həmin şəhərin təhlükəsizlik qurumunda saxlanıldıqdan sonra Ərdəbilə aparılmışdılar. Azərbaycan saytlarının məlumatına görə, məhbusların ailəsi onların Ettelaat həbsxanasında ikən işgəncəyə məruz qaldığını bildiriblər.

İran Azərbaycanında insan haqları pozuntuları ilə bağlı məlumat yayan Oyan News saytına istinadən, Hüseyni və Əbdülhüseynzadə İranda türk dilində təhsilin qadağa olmasına etiraz etdikləri üçün əvvəllər də təqib və basqı ilə üzləşib, universitet məsulları tərəfindən iki semestr təhsildən uzaqlaşdırılıblar.

İnternet səhifələrində nəşr edilmiş bir şəkildə Səid Hüseyni universitetin həyətində üzərində “Ana dilini istəməyin təliqdir (təhsildən uzaqlaşdırma) cəzası” yazılmış bir plakatı nümayiş etdirdiyi göstərilir.

İranın təhlükəsizlik və polis qurumları fevralın 21-i Beynəlxalq Ana Dili Günündən bir neçə gün öncədən başlayaraq Azərbaycanın muxtəlif şəhərləri və Tehranda bu günü qeyd edən, ya da qeyd etməyə hazırlaşan 100-dən artıq milli fəalı saxlayıblar. Nəzarət altına alınanların çoxu zəmanət qarşılığında azadlığa buraxılsalar da, hüquq müdafiəçiləri hazırda Ana Dili Günü ilə bağlı tutulmuş azı 10 fəalın hələ də həbsdə olduğunu bildirir. Bu həbslər 2007-ci ilin fevral ayından bəri ana dili günü tədbirləri ilə bağlı baş vermiş ən böyük həbs dalğası hesab edilir.
XS
SM
MD
LG