Leyla Yunus: Stalin repressiya maşını təkrarlanır... özünə bəzək-düzək vuran cəza makinası

Leyla Yunus

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus repressiyalardan bəhs edən məqalə yazıb və Stalin dövrü ilə müasir Azərbaycanı müqayisə edib. Azadlıq.info saytında dərc edilən məqaləni diqqətinizə çatdırırıq.

“Stalin repressiyalarının modernləşdirilməsi”

İlin əvvəlində yazdığım bir məqalədə Əliyev rejiminin repressiyalarını Stalin repressiyaları ilə müqayisə etmişdim. Amerikalı həmkarlarımdan biri bu müqayisəni şişirtmə saymışdı. Bu gün vaxtım və fakt materialım olduğundan konkret paralellər aparacağam:

1. Sovet NKVD-si və Azərbaycan Respublikası Prokurorluğu

Astronom da imza ataraq etiraf edir ki, o, Mars planetinin casusudur... Beləcə, güllələnir.

Sovet NKVD-sində (ruscadan çevirsək, SSRİ Xalq Daxili İşlər Komissarlığında – red.) cinayət işlərinin saxtalaşdırılması ədəbiyyatda geniş işıqlandırılıb. Amma hələ Solzhenitsyn və Shalamov-un əsərləri nəşr edilməzdən öncə, 1979-cu ildə Moskvada – Rusiya Federasiyasının Xarici Siyasət Arxivində işlərkən, mənə bir astronomun istintaq materialının əslini oxumaq nəsib olmuşdu. Söhbət o məşum 1937-ci ildə NKVD-də aparılan dindirmədən gedir. Bu dindirmə zamanı yorulub-əldən düşən NKVD əməkdaşı elə də güclü döyülməməsi üçün astronoma təklif edir ki, sovet hakimiyyətinə qarşı cinayətlərini könüllü şəkildə boynuna alsın. Astronom da imza ataraq etiraf edir ki, o, Mars planetinin casusudur... Beləcə, güllələnir. Bunu oxuyandan sonra özümə qəti söz verdim ki, onların əlinə keçsəm, nə xəyal güclərini artırmağa kömək göstərəcəyəm, nə də onların uydurmalarını boşa çıxarmağa qatlaşacağam – mənası yoxdur, axı.

Və indi – 35 il sonra onların əlindəykən, suallarına cavab vermirəm. Heç nəyə imza atmır və onları – bu “sistem vəzlərini, çaqqalları, iyi bilənləri” saymıram (bu adları mən düşünməmişəm, ədəbiyyatdan götürmüşəm. Bax: V. Aksyonov “Üzüm de”).

2. Bütün zamanların "həqiqət məhkəməsi"

Məhkəmə sistemi də dəyişməyib. Hakimlər Prezident Aparatının əmrlərini əsgər I.Brovkin-dən daha yaxşı icra edirlər. Azərbaycan Respublikası hakim korpusunun bütün heyəti eynən prokurorluq... kimi hər gün ağır cinayət törədən adamlardan ibarətdir.

3. Siyasi məhbuslar və oğrular

Bu qarşılıqlı əlaqələr V.Grossman-ın, V.Shalamov-un və A.Solzhenitsyn-ın romanlarını birə-bir təkrarlayır. Sistemin yaşarlılığına, sadəcə, mat qalırsan.

4. Azərbaycan Respublikasının yenilikləri

Müstəqil prokurorluq qurumları SSRİ dağılandan sonra formalaşmağa başlayıb. Ancaq son 10 ildə Azərbaycan Respublikasında (AR-da) Vəkillər Kollegiyası üzərində elə sərt nəzarət yaradılıb ki, ölkədə iki əlin barmaq sayı qədər müstəqil vəkil qalıb. Bu tək-tək adamlar hər cür sayğıya layiq mərdliklə “vicdan məhbusları”nın müdafiəsinə qalxırlar. Onlara Prokurorluğun basqısı ölçüyəgəlməzdir.

Özündə məni qorumağa cəsarət tapan vəkillər qəddarca təqib olunurlar. Vəkil Əlayıf Həsənov məhkəməyə verilib. İbrahim Ləmbəranski Cavad Cavadovu mənə qarşı qurama işə şahid (oxu: iştirakçı) qismində cəlb edib. Və şikayətimizi Avropa Məhkəməsinə hazırlayıb göndərən vəkilim Cavad Cavadovu məhkəmə oktyabrın 28-də mənim müdafiəmdən kənarlaşdırıb.

Beləcə, təkcə məni vəkil xidmətindən məhrum qoymur, həm də hamıya təzyiq göstərirlər.

Stalin dönəmində bu cür zirəkliyə gərək qalmırdı, hər şey dəqiq və birmənalı idi. Azərbaycandakı durum o üzdən dəhşət doğurur ki, məhkəmə-istintaq sisteminin bəyan edilən (və beynəlxalq birliyin bəyəndiyi) müstəqilliyi eynən Stalin repressiya maşınını təkrarlayır – inkişaf edən, basqı yapan, ancaq insan haqlarını qorumaqla bağlı Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin çağdaş dizaynı ilə özünə bəzək-düzək vuran cəza makinasını.

Kimsə Stalin dönəmindəki və bu günkü repressiyaların miqyasına əsaslanıb etirazını bildirsə, ondan ölkə əhalisinin sayını və 1937-ci ildə Rusiya imperiyası zamanında təhsil almış insanların hələ yaşaması faktını yada salmasını xahiş edərdim. Axı bu günün Azərbaycanında heç kim düşüncə azadlığı dövrünü görüb-yaşamayıb.

***

Öz növbəsində Azərbaycan hökuməti ölkədə siyasi azadlıqların təmin edildiyini, hüquqi dövlətin faəliyyətdə olduğunu bildirir. "Azərbaycan Avropa hüquq məkanına daxildir və ölkədə heç kim baxışlarına görə həbs edilmir. Azərbaycanda siyasi məhbus yoxdur", prezident İlham Əliyev dəfələrlə qeyd edib.