Leyla Yunus: Mən səni görə bilmirəm. Və bu, bizim 37-imizdir

Arif və Leyla Yunus

Hüquq müdafiəçisinin MTN-nin təcridxanasında saxlanan həyat yoldaşı Arif Yunusa açıq məktubu

Hazırda Kürdəxanı təcridxanasında saxlanan hüquq müdafiəçisi Leyla Yunus Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan həyat yoldaşı Arif Yunusa açıq məktubla müraciət edib. Onların hər ikisi xəstəlikdən əziyyət çəkir. Leyla Yunus həyat yoldaşı ilə əlaqə saxlaya bilmir. Arif Yunusla isə hətta vəkili də görüşə bilməyib.

Leyla Yunusun açıq məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:

Əzizim Arif,

Bax, birgə həyatımızın 36 ilindən sonra biz başqa-başqa zonlardakı ayrı kameralardayıq.

Mənim əzizim, məgər sən bilmirsənmi ki, mən hər şeyə dözərəm: həm, dəhşətli fiziki ağrılara (soyuq su məndə ciddi soyuqdəymə də yaradıb), həm kameradakı köhnə stajlı cinayətkarın təzyiqlərinə (yeri gəlmişkən, o, gəncəlidir və yenə də bizim Gəncə bizi məyus etməkdədir), həm də prokurorluqdakı çaqqalların vizitlərinə. Mən yeməyin olmamasına da dözürəm (bilirəm ki, sənə də bir şey gətirməyə imkan vermirlər, mələfələri dəyişmirlər və dərmanların da yoxdur). Mən də dərmansız və yeməksiz qalmışam. Təsəvvür edirsənmi, bu usubovlar, ləmbəranskilər necə çaqqaldırlar: bizi həm boğanaq kamerada boğurlar, həm də aclıqla və dərmansızlıqla məhv etmək istəyirlər.

Amma ən çətini budur ki, sən mənimlə deyilsən. Biz, axı, 36 il ərzində heç ayrı olmadıq!

Mən səninlə hətta məktublar vasitəsilə də danışmaq imkansızlığına dözmürəm və buna görə də, sənə açıq məktub yazmaq qərarına gəldim. Bir yolla sənə çatar, yəqin ki.

Sən bilirsən ki, biz səninlə birlikdə Soljenitsini də, Varlaam Şalamovu da, Qrossmanı da, Aksenovu da oxumuşuq. Biz tez-tez bu barədə danışmışıq ki, eyni vaxtda həbs edilən ər-arvad nə hiss edirlər. 1937-ci illərdə belə hallar olduqca çox olurdu, axı.

Amma biz təsəvvür etmirdik ki, 21-ci əsrdə 30-cu illərin repressiyaları bizi yaxalaya bilər. Dünən Qrossmanın sözlərini və onun “Həyat və tale”yini xatırladım. O, məhbusların duyğuları haqqında yazır: “üzücü qüssənin yerini nəhayətsiz opium- optimizm alır...”.

Avtoritar rejimlərin zindanlarındakı optimizm haqqında olduqca dəqiq deyilib. Elə oradaca, bir məsələdən söhbət açılırdı. 1942-ci ildə yəhudilər bir-birinə belə bir dəqiq informasiya ötürürdülər: “Hitlerə sərt ultimatum veriblər ki, bütün yəhudiləri təcili azad etsin!”.

Və adamlar buna inanırdılar. İnanırdılar, ona görə ki, bu nəhayətsiz opiumdan - optimizmdən bərk-bərk yapışmışdılar.

Amma biz realistik. Siyasət çirkli şeydir. Biz hər şeyi anlayırıq. Həyatın necə davam etməsindən asılı olmayaraq, ən pisi budur ki, mən səni görə bilmirəm. Və bu, bizim 37-imizdir.

Səni qucaqlayıram,

Leyla