Leyla Yunus Rauf Mirqədirovun işi üzrə yenidən istintaqa çağırılıb

Leyla Yunus

Hüquq müdafiəçisi istintaqa getməyəcəyini bildirib
Bu gün Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus yenidən “Ayna-Zerkalo” qəzetinin Ermənistanın xeyrinə casusluqda günahlandırılaraq dövlətə xəyanətdə ittiham “Ayna-Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirovun cinayət işi üzrə baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

L.Yunus Turana deyib ki, ona bu gün saat 14.30-a çağırış vərəqi gətiriblər. “Mən çağırış vərəqini imzalamadım və aprelin 28-də mənim və həyat yoldaşım Arif Yunusun qanunsuz olaraq prokurorluq tərəfindən əlimizdən alınmış pasportlarımızın qaytarılmasını tələb etdim. Pasportarımız qaytarılmayanadək istintaqa getməyəcəm”, o qeyd edib.

Hüquq müdafiəçisi onun istintaqa güclə aparılacağını istisna etməyib.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 28-də Bakı Hava limanında saxlanıb. O 24 saatdan çox dindirildikdən sonra evində və ofisində axtarış aparılıb.

Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Bakıya göndərilib. Jurnalist Bakı hava limanında həbs edilib. O ailəsi ilə birlikdə son bir neçə ildə Ankarada yaşayırdı.