Bu gün iyunun 27-də Gürcüstan prezidenti Giorgi Margvelashvilinin həbsdə olan jurnalist Əfqan Muxtarlının xanımı və vəkilini qəbul edib. Görüş həbsdəki jurnalistin xanımı Leyla Mustafayevanın istəyi üzrə baş tutub.
Görüşdə Leyla Mustafayeva Giorgi Margvelashviliyə ona və həbsdəki həyat yoldaşına dəstək verdiyinə görə təşəkkürünü bildirib. Bununla bərabər, görüşdə Əfqan Muxtarlının müəmmalı şəkildə Tbilisidən yoxa çıxması və Azərbaycanda həbs edilməsi işində Gürcüstanın rolu, habelə jurnalistin ailəsinin aparılan araşdırma işlərindən razı qalmadığı məqamlar da müzakirə edilib.
Your browser doesn’t support HTML5
Xatırladaq ki, Əfqan Muxtarlı bu yaxınlarda bəyanatla çıxış edərək prezidentin Gürcüstanda diktatura yaradılmasına imkan verilməyəcəyinə ümidvar olduğunu ifadə etmişdi.
Gürcüstan prezidenti G.Margvelashvili Ə.Muxtarlı həbs olunduğu günlərdə mətbuata açıqlamasında jurnalistlə bağlı baş verənləri ölkəsinin suverenliyi və təhlükəsizliyinə təhdid adlandırmışdı. Baş nazir və daxili işlər naziri isə bu məsələdə Gürcüstan hüquq-mühafizə orqanlarının iştirakını istisna edərək, istintaqın başa çatmasını gözləməyi məsləhət bilmişdi.
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhəddə cibinə 10 min avro da qoyulub.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.
Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının müəllifidir.