Leyla Bünyadova: Əbülfəz Bünyadovun ağır vəziyyətini nəzərə almağınızı xahiş edirəm

Nardaran hadisələri zamanı iflic oaln Əbülfəz Bünyadov 15 il həbsə məhkum edilib

“Sizə bir ana kimi müraciət edirəm. Onun buraxılmasına inanmasam da, həbs qətimkan tədbirinin dəyişdirilməsinə inanmaq istərdim. Oğlum Əbülfəz Bünyadovun və ailəsinin ağır vəziyyətini nəzərə alaraq yardım etməyinizi rica edirəm.”

Bu barədə 26 noyabr 2015-ci ildə Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı güllə yarası alaraq iflic olan Əbülfəz Bünyadovun anası Xeyriyyə Bünyadovanın prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və digər rəsmi şəxslərə müraciətində deyilir.

SEE ALSO: Nardaran əməliyyatında iflic olan Əbülfəz Bünyadovun apellyasiya şikayəti təmin olunmayıb

“İflic olan Əbülfəz Bünyadovu azad edin” başlığı ilə imzalanma üçün sosial şəbəkələrdə yerləşdirilmiş müraciətdə deyilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Bünyadov cəzanın ilk 5 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.

Hazırda Əbülfəz Bünyadovun bədəninin 80%-i işləmir. O, kənar köməyi olmadan sərbəst hərəkət və özünə qulluq edə bilmir.
Xeyriyyə Bünyadova, məhbusun anası

“Əbülfəz Bünyadov onurğasından ağır xəsarət aldığı halda işgəncələrə məruz qalıb. İşgəncələr Penitensiar Xidmətin müalicə müəssisəsində olarkən də davam edib. Oğlum hərəkət edə bilmədiyindən məhkəmə iclaslarına təcili yardımın köməyi ilə xərəkdə gətirilirdi. Hazırda Əbülfəz Bünyadovun bədəninin 80%-i işləmir. O, kənar köməyi olmadan sərbəst hərəkət və özünə qulluq edə bilmir. Bağırsaqlarında mikrob düşdüyü üçün vəziyyəti çox ağırdır. O, qida qəbul edə bilmir, təbii ehtiyaclarını ödəmək qabiliyyətində deyil” , ana qeyd edir.

Əbülfəz Bünyadovun həyat yoldaşı Leyla Bünyadova Amerikanın Səsinə müsahibəsində bildirib ki, ailə artıq dəfələrlə ölkə rəhbərlərinə müraciət edib.

Your browser doesn’t support HTML5

Leyla Bünyadova: Əbülfəz Bünyadovun ağır vəziyyətini nəzərə almağınızı xahiş edirəm

“Bizim birinci müraciətimizdən sonra hacını (Əbülfəz Bünyadov) evə buraxdılar. O, bir il yarımadək evdə qaldıqdan sonra məhkəmə 15 il həbs cəzası verdi və yenidən həbs etdilər. Ondan sonra ana (Əbülfəz Bünyadovun anası Xeyriyyə Bünyadovanı nəzərdə tutur-red) artıq üçüncü dəfədir ölkə başçısına, birinci vitse-prezidentə müraciət edir. Bir aydan çox vaxt keçməsinə baxmayaraq, hələ cavab gəlməyib” , o qeyd edib.

Leyla Bünyadova həyat yoldaşının bağırsaqlarında problem yarandığını deyib.

“Analiz etdirdik. Onun bağırsaqlarında göbələk xəstəliyi var. Əbülfəz artıq yemək yeyə bilmir, çox zəifləyib.”

Əbülfəz Bünyadov hazırda Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində saxlanılır.

“Orada ona yalnız xəstələr baxır. Ayda bir dəfə ailəsi ilə görüş verirlər. Xəstələrin baxdığı iflic xəstəsi necə ola bilər. Evdə olanda özümüz baxırdıq. Həbsxanaya aparılandan sonra çox zəifləyib. Əbülfəz tərpənə bilmir. O, əllərindən və başından başqa digər bədən üzvlərini tərpədə bilmir. Yataqda da o tərəf, bu tərəfə çevrilə bilmir. Ya xəstələr kömək edir, ya da sanitar işçilər kömək edir.”

Vəziyyətimiz heç görmədikləriniz kimidir. Hacının dörd uşağı var. Böyük uşağı əlildir, 14 yaşı var. Bu uşağı qaldırmaqda, ona baxmaqda çətinlik çəkirəm. Heç olmasa onların ataları yanında olsa, mənə bir az kömək olsa, dəstək olsa mənim işimi bir az yüngülləşdirmiş olar.
Leyla Abdullayeva, məhbus Əbülfəz Bünyadovun həyat yoldaşı

Leyla Bünyadova ölkə başçısına, birinci vitse-prezidentə, xalqa müraciət edərək ailəsinə yardımçı olmasını istəyib.

“Bizim ailənin müraciətlərinə baxın, bizim səsimizə qulaq asın. İndi vəziyyətimiz heç görmədikləriniz kimidir. Hacının dörd uşağı var. Böyük uşağı əlildir, 14 yaşı var. Bu uşağı qaldırmaqda, ona baxmaqda çətinlik çəkirəm. Heç olmasa onların ataları yanında olsa, mənə bir az kömək olsa, dəstək olsa mənim işimi bir az yüngülləşdirmiş olar. Öz adımdan, anasının adından bu işə baxanlardan xahiş edirəm ki, bir qədər nəzər yetirsinlər. Bizim ailəyə nəzər yetirsinlər ki, bir insanlıq faciəsi görmüş olmasınlar. Bizim bir atamız var. Dörd uşaqdır. Onlar ayda bir dəfə atalarının üzünü görmüş olurlar. Atalarını necə xatırlasınlar? Uzanmış bir vəziyyətdə. Çox xahiş edirəm ki, bizim ailəmizə bir nəzər etsinlər” , o qeyd edib.

SEE ALSO: Ali Məhkəmə Əbülfəz Bünyadovun şikayətini təmin etməyib

2015-ci ilin noyabrında Nardaranda keçirilən xüsusi əməliyyat zamanı Əbülfəz Bünyadov aldığı güllə yarasından iflic olub. Yataq xəstəsi olmasına baxmayaraq, onu bir neçə ay həbsdə saxlayıblar.

Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Lakin məhkəmə onu konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, terrorizm və başqa ittihamlarla 15 il azadlıqdan məhrum edib və o, məhkəmə zalında yenidən həbs edilib.

2019-cu il iyunun 12-də Azərbaycan Ali Məhkəməsi Əbülfəz Bünyadovun kassasiya şikayətini təmin etməyib.

Bünyadov barəsində olan cinayət işi ilə bağlı apellyasiya məhkəməsinin qəraraının ləğv edilməsini və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.

Kassasiya şikayətinə baxılması ərəfəsində bir qrup hüquq müdafiəçisi, fəal və ziyalıların nümayəndəsi ölkə rəhbərliyinə müraciət edərək Bünyadovun vəziyyətinin ağır olması - əl-ayaq iflici, hepatit C, bağırsaq infeksiyası ilə əlaqədar azadlığa buraxılmasına yardımçı olmağı xahiş edib.