Accessibility links

Nardaran əməliyyatında iflic olan Əbülfəz Bünyadovun apellyasiya şikayəti təmin olunmayıb


Əbülfəz Bünyadov
Əbülfəz Bünyadov

Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü Əbülfəz Bünyadov və Nardaran hadisələrinə görə uzun müddət axtarışda olan Elxan İsgəndərovun şikayətinə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Bünyadov cəzasının ilk üç ilini həbsxana rejimində çəkməklə 15 il, E.İsgəndərov isə 14 il azadlıqdan məhrum edilib.

Onlar hökmdən apelyasiya şikayəti verib.

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü, ilahiyyatçı Taleh Bağırzadə və başqa bir çox adamın həbs olunduğu əməliyyat Ə.Bünyadovun evində keçirilib. Ə.Bünyadov hadisə vaxtı onurğasından aldığı iki güllə yarası ilə iflic olub, hərəkət edə bilmir.

Apelyasiya Məhkəməsinin ötən iclasında xərəkdə döşəməyə uzadılan Ə.Bünyadov öz istəyilə bugünkü məhkəməyə gətirilməyib.

Məhkəmədə həm Ə.Bünyadovun, həm də E.İsgəndərovun hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı çıxış edərək bildirib ki, onlara qarşı ittihamları sübut edən dəlillər yoxdur. Müvəkkillərinin təqsirsiz olduğunu vurğulayan vəkil onların barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Lakin apelyasiya şikayətləri təmin olunmayıb, hökm qüvvədə saxlanılıb.

Ə.Bünyadov Nardaran əməliyyatında həbs olunsa da 1 il saxlandıqdan sonra evinə buraxılmışdı. O, iyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunan gün yenidən həbs olunub. Hökmə əsasən, o, dövlət çevrilişinə cəhd, terrora çağırış, qəsdən adam öldürmə və başqa ittihamlarla təqsirli bilinərək 15 il, Elxan İsgəndərov isə 14 il azadlıqdan məhrum edilib.

Onlar özlərini təqsirli bilmir.

Hərəkatın sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil olmaqla təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa ittihamlarla 10 ildən 20 ilədək azadlıqdan məhrum edilib.

T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi Ə.Bünyadov da saxlanılarkən və ondan sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib edib.

XS
SM
MD
LG