Bloq: Kosmosda olmaq

  • Əsgər Möhsümoğlu

Space

Beynəlxalq Fəza Stansiyasında iş gününün sonudur. Yorğun kosmonavt yatmaq üçün təyyarə tualeti boyda divara bitişdirilmiş kapsula daxil olur. “Yer kürəsində uzun günün ardınca yatağa uzanan kimi insana bir rahatlıq hissi gəlir,” 6 aylıq missiyadan sonra fəzadan qayıtmış Mayk Hopkins danışır. “Amma fəzada cazibə qüvvəsi olmadığından uzanmaq anlayışı da yoxdur. Ayağı yerdən üzmək hissi – onun gətirdiyi emosional rahatlıq heç vaxt baş vermir.”

Atlantic məcmuəsinin yazarı Charles Fishman fəzada yatmağın başqa bir dilemmasına da diqqət çəkir. Qolları yataq torbasının içərisində yaxud dışarısında saxlamaq öz işindir. Amma əgər qollarını dışarıda saxlasan, onlar sıfır çəki şəraitində havada yellənməyə başlayacaq və yatmış kosmonavtı içkili balerinaya oxşadacaq. “Mən özüm içəri adamıyam. Bələnməyə üstünlük verirəm,” Hopkins deyir.

Beynəlxalq Fəza Stansiyasından Ayın ABŞ ərazisi üzərinə düşən kölgəsi görünür. 21 avqust, 2017.

Futbol meydançası boyda olan Beynəlxalq Fəza Stansiyası illərdir ki, Yer kürəsini orbit edir və fəza araşdırmalarında önəmli rol oynayır. Hər gün burada 10-a yaxın insan çəkisizlik şəraitində işləyir, kosmos haqda dəyərli biliklər toplayır. Yerdə cərəyan edən geosiyasi qarşıdurmaya baxmayaraq, fəzada amerikalılar və ruslar əməkdaşlıq edirlər. İş müddətində onlar əsasən öz modullarında qalsalar da, işdən sonra birgə nahar edir, bir-birləri ilə yaxın təmasda olurlar.

“Stansiyada hər şeyin öz qəribə xüsusiyyəti var,” Fişman yazır. Məsələn, məşğələ velosipedində əl tutmağa heç nə yoxdur. “Cazibə qüvvəsinin olmadığı bir şəraitdə heç nə tutmadan sürətlə pedallamaq, eyni zamanda özünü oturacağa bərkidilmiş vəziyyətdə hiss etmək olar. Sən burada idman edərkən havada dolaşan noutbukda filmə baxa bilərsən. Amma gərək bir yerdə çox qalmaqdan ehtiyatlı olasan. Havanı dövran etdirən cazibə qüvvəsi olmadığından insanın nəfəs buraxan zaman yaratdığı karbon dioksid başın üzərində görünməz bulud yaradır ki, bu da başağrısına yol açır.”

Çəkisizlik şəraitində uzun müddət yaşamaq və işləməyin özəl xüsusiyyətləri var.

Yemək 20 il əvvəllə müqayisədə daha yaxşıdr. Ancaq onun əksəriyyəti vakuumda paketlənir, yaxud da konserv bankalarına qoyulur. Bir neçə aydan bir buraya adi portağalın gəlişi əsl bayram əhval-ruhiyyəsi yaradır.

Kosmonvatlar səhər saat 7:30 da işə başlayıb, axşam saat 7-də işlərini bitirirlər. İş günü planlaşdrıma iclası ilə başlayır ki, burada onlar gündəlik fəaliyyətlərini müzakirə edirlər. “Həçənd ki, kosmonavtlar fəza stansiyasında işləyib-yaşayırlar, onlar Beynəlxalq Fəza Stansiyasının uçuşuna nəzarət etmirlər. Bu funksiyanı Hyuston və Moskvada qərargahlanan mərkəzlər həyata keçirir," Fishman yazır.

Stansiyada görülən işlərin çoxu dərin intellekt və yüksək savad tələb edir. Bu qabiliyyətlərə yiyələnmək üçün kosmonavtlar illərlə təhsil alıblar. Ancaq kosmosda görüləsi işlər sırasında elələri var ki, kifayət qədər sadə, hətta cansıxıcıdır.

Kosmos üçün xüsusi qablaşdırılmış yeməklər.

“Bu gün özüm özümə gülməli oldum,” stansiyadakı bir kosmonavt yazır. “Lampanı dəyişmək üçün təhlükəsizlik eynəyi və tozsoran lazım gəldi – o ehtimala qarşı ki, birdən lampa qırılar. Hərçənd ki, lampanın özü plastik torbanın içində idi – sındığı halda şüşə qırıntılarının yayılmaması üçün.”

Çoxları çəkisizlik şəraitində mövcudluğun nə qədər çətin olduğunu dərk etmir. Nəyisə bir yerdən götürüb o biri yerə qoymaq kimi sadə əməliyyatın əsasında dayan prezumpsiya odur ki, əldən qoyulan şey yerə, niyyət olunan məkana enəcək. Fəzada isə belə deyil.

Beynəlxalq Fəza Stansiyasının ekipajının üzvləri Joe Acaba (ABŞ) və Aleksandr Misurkin (Rusiya) kosmosa uçmazdan öncə.

Sandra Maqnuz həmkarları üçün yemək bişirməyi sevir. Amma bu iş kosmosda yerdə olduğundan qat-qat çətindir. “Saatlarla vaxt aparır. Niyə? Bircə şeyi düşünün: Adam bişirəndə neçə dəfə zibil qutusuna artıq qalan şeyləri atmalı olur? Bunu necə edirsən? Cazibə qüvvəsi sənə bu imkanı verir. Cazibə olmadan zibili atmağın çarəsini tapmalısan. Mən zibili izolyasiya lentinə yapşdırıram ki, bir yerdə qalsın, hətta bununla belə zibili atmaq xeyli vaxt alır.”

Fishmanın yazdığına görə, bütün narahatlıqlara baxmayaraq, kosmonavtlar aşağıda öz oxu ətrafında fırlanan mavi rəngli doğma planetə baxmaqdan doymurlar. Bu mənzərə insanda qeyri-adi düşüncələrə, fantaziyalara yol açır. “Mən özümü Yer kürəsinə kənardan baxan yadplanetli kimi hiss edirəm,” biri yazır. “Görəsən harada enərdim, kiminlə ilk əlaqə qurmağa çalışardım?”