Əslində Henry Farrellin məqaləsinin başlığı hər şeyi deyir – “Diktatorlar iqtisadi artım haqda yalan danışır”. Amma yaşadığımız dövran və onun reallıqları diktə edir ki, bu, son dərəcə məntiqi görünən fikir izah olunsun, əsaslandırılsın. Problem bundadır ki, qeyri-demokratik rejimlərin iqtisadi baxımdan sürətlə inkişaf etməsi haqda yazılar təkcə diktaturanın təbliğat məngənəsində yox, demokratik Qərb mətbuatında da ara-sıra çapa çıxır. Çinin bu gün-sabah Amerikanı, Yaponiyanı, Avropanı ötüb keçəcəyi haqda oxuduğum məqalələrin sayını çoxdan itirmişəm.
Diktaturaların sürətli iqtisadi inkişafı haqda yazılar o düşüncəyə əsaslanır ki, diktaturalar öz statistikaları haqda həqiqəti söyləyirlər. Amma niyə görə bütün başqa sahələrdə yalan danışan, seçki nəticələrini saxtalaşdıran, insanları qondarma ittihamlarla həbsə dolduran, qəzet və jurnalları hər gün yalan püskürən rejimlərin iqtisadiyyata gələndə dürüstlük nümayiş etdirməsi sual altına alınmır? Henry Farrell alır. Christopher S. Magee and John Doces-un bu yaxınlarda “International Studies Quarterly” məcməsundə çap edilən tədqiqatı əsas götürürək Farrell avtoritar rejimlərin bir qayda olaraq öz statistikaları haqda beynəlxalq təşkilatlara saxta məlumat ötürdüklərini deyir.
Peyk fotolarındakı gecə işıqları hansı ölkənin nə dərəcədə inkişaf etdiyini təqribən göstərir. Bu elə bir indikatordur ki, onu heç bir hökumət saxtalaşdıra bilməz.
Problem bundadır ki, rejimlərin öz iqtisadi inkişafları haqda düz yaxud yalan danışdığını ayırd etmək çətindir, çünki iqtisadi rəqəmlər onların öz statistikalarını əks etdirir. Onların öz rəqəmlərindən istifadə edərək kimin nə boyda yalan danışdığını müəyyən etmək çətindir. Elə bu üzdən də mütəxəssislər iqtisadi inkişafın müstəqil indikatorunu tapmalıdırlar. Xoşbəxtlikdən Magee və Doces həmin etibarlı kriteriyanı aşkar ediblər. Bu, gecə vaxtı çəkilən peyk fotolarıdır. Həmin fotolardakı gecə işıqları hansı ölkənin nə dərəcədə inkişaf etdiyini təqribən göstərir. Bu isə elə bir indikatordur ki, onu heç bir hökumət saxtalaşdıra bilməz.
Magee və Doces müəyyən ediblər ki, inkişafla gecə işıqları arasında birbaşa əlaqə mövcuddur. Onların tərtib etdiyi qrafikdə avtoritar ölkələr qırmızı nöqtələrlə təsvir olunur. Əksər nöqtələr reqressiya xəttindən yuxarıdadır ki, bu da avtoritar rejimlərin gecə işıqlarının göstərdiyi inkişaf səviyyəsindən daha parıltılı rəqəmlər təqdim etdiklərinə dəlalət edir. Bu isə o deməkdir ki, onlar inkişaf rəqəmlərini şişirdirlər, deyə Farrell bildirir.
Gecə işıqlarının inkişaf göstəricisi kimi götürülməsi özünü daha bariz şəkildə Koreya yarımadasına peykdən baxışda doğruldur. İqtisadiyyatı azad bazar sistemi olan Cənubi Koreya çil-çıraqbandır. Totalitar Stalinist diktatura olan Şimali Koreya isə qaranlığa bürünüb. Qlobal miqyasda oxşar fərqi inkişaf etmiş şimal yarımkürəsi ilə cənub yarımkürəsi arasında da sezmək olar. Peyk fotosunda ən çox bərq vuran ölkələr ABŞ, Yaponiya və Qərbi Avropa ölkələridir. Onlar liberal demokratiyalardır. Avtoritar hökumətlər xalqın qayğısına qaldıqları, insanların rifahını yüksəltdiklərinə dair çox nağıllar danışa bilərlər. Gecə işıqları isə yalan danışmır.