Fevralın 21-də Georgetown Universitetinin nəzdində yerləşən Xarici Xidmət Məktəbində “Kommunizm Üzərində Tədqiqat: Yeni Yanaşmalar” başlıqlı tarixi-elmi forum keçirildi. Sabiq kommunist ölkələrində totalitarizm irsinin araşdırılmasına həsr olunmuş tədbirdə Maryland Universitetində Post-Kommunis Cəmiyyətləri Araşadırma Mərkəzinin rəhbəri Vladimir Tismaneanu, Georgetown Universitetinin Rusiya və Sovet tarixi üzrə professoru Michael David-Fox, Georgetown Universitetinin qonaq mühazirəçisi Dennis Deletanat və Rumıniyadan gəlmiş başqa ekspertlər iştirak etdilər.
Tədbirin aparıcısı Vladimir Tismaneanu Soyuq Müharibənin bitməsindən 20 il keçməsinə baxmayaraq, post-kommunist cəmiyyətlərin hələ də totalitarizmin miras qoyduğu irslə çarpışdığını önə çəkdi. Nasizmdən fərqli olaraq kommunizimin cinayətlərinə lazımi tarixi qiymətin verilməməsindən gileylənən professor Tismaneanu keçmiş kommunistlərin və hətta repressiv təhlükəsizlik apparatı əməkdaşlarının rəhbər mövqelər tutduğunu qeyd etdi. 2006-cı ildə prezident Trayan Baçesku tərəfindən Rumıniyada Kommunist Diktaturasının Araşdırılmasına dair Prezident Komissiyasının rəhbəri təyin edilmiş Tismaneanunun sözlərinə görə buna səbəb sabiq kommunist məkanında əhatəli lüstrasiya prosesinin aparılmaması və müxtəlif səbəblərdən cəmiyyətlərin kommunizmin cinayətləri ilə hesablaşmamasıdır. Bu çatışmazlığı aradan qaldırmaq üçün o, son aylarda “Avropada Kommunizmin Tarixi” və “Kommunist Rumıniyada Repressiya və Sosial Nəzarət” adlı iki akademik jurnalın dərc edilməsini təqdirəlayiq hesab etdiyini bildirdi.
Jurnalların redaktorları Marius Stan və Adrian Cioflanca son dərgilərin Rumıniyanın ağrılı keçmişinə detallı nəzər saldıqlarını qeyd etdilər. Onlar son illərdə yerli tarixçilərin kommunizmin cinayətlərini cəmiyyətə faş etmək sahəsində xeyli işlər gördüklərini önə çəkdilə. “‘Avropada Kommunizmin Tarixi’ jurnalının indiki buraxılışı intellektualların kommunist sivilizasiyasındakı roluna dair mühüm suallar və dilemmalar qaldırır, onlara cavab tapmağa çalışır. Gələn nömrəmizdə kommunist millətçiliyi, müharibədən sonra millət quruculuğu mövzularından bəhs edəcəyik,” deyə Marius Stan məlumat verdi. Utopik ideologiya, totalitarizmin daxili mexanizmi və müqavimət mədəniyyəti barədə ictimaiyyətin maarifləndirilməsini vacib sayan natiqlər kommunizm dönəmində xalqa qarşı törədilmiş cinayətlər üçün sağ qalmış sabiq rəsmilərin cavabdeh tutulmasına çağırdılar.
Tarixçi Michael David-Fox məruzəsini intellektualların sovet cəmiyyətində oynadığı rola həsr etdi. O, hələ çar dönəmində intelligentsiya adlanan sinfin ictimai düşüncəyə göstərdiyi təsirdən və əslində bolşeviklərin bu cərəyandan çıxdıqlarından danışdı.
“Sosial mənada kommunizmin erkən fazalarında intelligentsiya yeganə qrup idi ki, aristokratiya, ruhanilər və burjuaziyadan fərqli olaraq bolşeviklərin tam basqılarına məruz qalmamışdı. Rejim yeni nəsil intellektuallar yaratmaq amacında idi, amma həmin nəsil yarananadək onlarla müəyyən razılaşmaya gəlmişdi,” deyə tarixçi bildirdi.
Cəmiyyətin bəzi kəsimləri intellektuallara həqiqətin ruporu, digərləri isə onlara hakimiyyətin əlaltıları kimi baxdıqları şəraitdə diskurs martirologiya yaxud demonologiya müstəvilərində aparılırdı. Bəlkə bu üzdən, guya fəhlə-kəndlililərin təmsilçisi sayılan Kremlin siyasətində həm yerli həm də Qərbli intellektuallar başqa yerlərdəkindən xeyli mühüm rol oynayırdılar.
Yerli intellektuallar dövlətin himayəsində iqtisadi-sosial təminatlar tapdıqlarına görə hökumətə loyal münasibət sərgiləyirdilər, və müəyyən mənada kommunist rejiminin əsas dayaqlarından birinə çevrilmişdilər. Təbii ki, əks təqdirdə onları repressiya və acı tənhalıq gözləyirdi. O biri tərəfdən, Qərbin sol cərəyanını təmsil edən intellektuallar SSRİ-nin timsalında hər vəchlə sol fəlsəfəni əks etdirən cəmiyyət görməyə can atırdılar. Qərblilərin sovetlərə simpatiya bəsləməsi üçün Kreml müxtəlif növ vasitələrə əl atırdı ki, bunların sırasında DTK-nın təşkil etdiyi “pokazuxalar” geniş yer almışdı. Professor Michael David-Fox Sovet İttifaqına gələn Qərbli müsafirlərin heç də həmişə sırf ideoloji agendadan çıxış etmədiklərini, bəzi hallarda bunun diplomatik, yaxud iqtisadi motivlərlə müşayiət olunduğunu qeyd etdi.
Tədbirin ardınca keçirilən sual-cavab sessiyasında lüstrasiya prosesi və intellektuallarla sovet hökumətinin münasibətləri daha ətraflı müzakirə olundu. Professor David-Fox Vladimir Leninin intellektuallara mənfi münasibət bəsləməsinə baxmayaraq bolşevik siyasi elitasının az qala büsbütün intellektuallardan ibarət olduğunu və bu səbəbdən sovet quruluşunda maariflənmiş zümərə xüsusi status verilməsini təsvir etdi. Professor Tismaneanu sabiq kommunist ölkələri arasında Çex Respublikasında və Şərqi Almaniyada lüstrasiyanın uğurla həyata keçirildiyini qeyd etdi. Ruminiyaya gəldikdə, o, lüstrasiya ilə bağlı parlamentə qanun təklif etdiyini, lakin oturuşmuş siyasi elitanın sabiq rejimlə sıx bağlılığı üzündən qanunun sərt olması bəhanəsi altında onun qəbul edilmədiyini söylədi.
Tədbirin ardınca professor Michael David-Fox Amerikanın Səsinə bu yaxınlarda çapdan çıxmış Böyük Eksperimenti Göstərərkən: Mədəni Diplomatiya və Qərbli Müsafirlərin Sovet İttifaqına Səfərləri 1921-41 kitabı haqda danışdı:
“Bu kitabı bir neçə sözlə təsvir etmək bir qədər çətindir, çünki mən 10 ildən artıqdır ki, bu kitab üzərində işləyirəm. Başlıca məqsədim sovetlərin xarici müsafirləri qəbul etmək, onlara müasir institutları göstərmək üçün quraşdırdıqları mürəkkəb, təmtəraqlı sistemin təhlili idi. Mən bilmək istəyirdim ki, arxivlər bu haqda nə deyir və bu sistem sovetlərin özlərinə necə təsir göstərmişdi. Belə ki, öz sistemlərini, SSRİ-nin parlaq gələcəyini xaricilərə göstərmək praktikası sonrakı illərdə ərsəyə gələn Stalinizmin bir sıra formalarını müəyyənləşdirdi. Sovetlər bu praktikadan reallığı öz əhalilərinə təqdim etmək üçün də istifadə etməyə başladılar. Bu kitabın ikinci qayəsi Sovet İttifaqına səfər edən Qərbli intellektuallar haqda məlumat verməkdir. Mən onların Sovet İttifaqında insanlarla necə davrandığını, onların orada etdiklərini göstərirəm. Gəldiyim qənaət budur ki, onların çoxu bizim güman etdiyimiz qədər də sadəlövh deyildi. Sənədlər göstərir ki, əksər hallarda onlar öz dediklərinə və yazıdlqarına senzura tətbiq edirdilər.”