Kitab Təqdimatı: Sovet İmperiyasının Səkkiz Parçası (VİDEO)

  • Əsgər Möhsümoğlu

Kitab Təqdimatı: Sovet İmperiyasının Səkkiz Parçası (VİDEO)

Noyabrın 4-də Karnegi Beynəlxalq Sülh Fondunda Lorens Skot Şiitsin “İmperiyanın Səkkiz Parçası: Sovet İttifaqının dağılmasına 20 illik səyahət” adlı kitabının təqdimatı keçirildi. Müəllifi təqdim edən Karnegi Fondunun Cənubi Qafqaz üzrə mütəxəssisi Tomas de Vaal bu kitabın yaxın tarixə böyük töhfə verdiyi və hadisələrə onların cərəyan etdiyi məkandan baxdığını önə çəkdi. Ekspert Lorens Şiitsin Rusiya, Moldova və Qafqaz bölgələrindəki fəaliyyəti haqda qeyd edərək kitabda Sovet İttifaqının mərkəzdən uzaq bölgələrindən başlayan çöküş prosesinə layiq olduğu diqqətin ayrıldığını bildirdi.

Lorens Şiits Sovet İttifaqının dağılmasının 20-ci ildönümündə arxaya baxaraq çox az adamın imperiyanın çöküşünü proqnozlaşdıra bildiyini vurğuladı. Onun sözlərinə görə çoxu elə güman edirdi ki, ya Mixail Qorbaçov mühafizəkar düşərgəni sıradan çıxaracaq, ya da əksinə olacaq. Ancaq heç bir halda Sovet İttifaqının xəritədən silinəcəyi proqnozlaşdırılmırdı. Buna səbəb, Şiitsin dediyinə görə, həm ekspertlər, həm də siyasətçilərin Sovet İmperiyasına monolit qurum kimi baxmaları idi. Onlar Sovet İttifaqının fərqli-fərqli hissələrdən ibarət olduğunun fərqində deyildilər.

Şiits öz kitabında Soviet İttifaqının son illərində yaşadığı təcrübəni bölüşür. O, kitabda Soviet İttifaqındakı həyatının müxtəlif fraqmentlərindən bəhs etdiyini, amma ümumən götürdükdə bu fraqmentlərin Sovet reallığını əks etdirdyini deyir. Belə ki, siyasi mərkəz sayılan Moskvada baş verənlər Qafqazda baş verənlərdən xeyli fərqlənirdi. Şiits öz təqdimatında Leninqradda, Gürcüstanda və Azərbaycandakı müşahidələrini bölüşməklə auditoriyaya 1980-ci illərin sonları və 90-cı illərin əvvələrində yaşanılan dağınıq mənzərəni çatdırmağa çalışdı.

Daha sonra Şiits kitabın Abxaziyaya dair fəsilindən bir parçanı auditoriya iştirakçıları üçün oxudu. Həmin parçada müəllif Suxuminin əsrarəngiz gözəlliyi, Sovet keçmişi və dağıdıcı müharibəsi arasındakı absurd təzadları işıqlandırır. Təqdimatın ardınca Lorens Şiits tədbir iştirakçılarının Sovet məkanında baş verənlərə dair suallarını cavablandırdı.