Kerri və Zərif İsveçrədə görüş keçirir

ABŞ və İranın baş diplomatları beynəlxalq müfəttişlərin İranın hərbi obyektlərini yoxlaması və alimlərlə görüşməsinə imkan verəcək tarixi nüvə razılaşmasının əldə edilməsinə nail olmaq üçün İsveçrədə görüş keçirir.

ABŞ Dövlət katibi Con Kerri və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında Cenevrədə baş tutan görüş yekun razılığın əldə edilməsi üçün qoyulmuş son möhlət olan iyunun 30-dan əvvəl keçirilir.

Lakin buna baxmayaraq, İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi deyib ki, dünya qüdrətləri ilə hər hansı razılıqla beynləxalq müfəttişlərin ölkənin hərbi obyektlərinə ziyarətinə və alimlərlə müsahibə aparmasına icazə verilməyəcək.

İranın müzakirəçiləri və ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniyanın nümayəndələrindən ibarət qrup sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan yekun razılığın detalları üzərinə işləyir. Onlar bildirir ki, müfəttişlərin İranın atom bombası istehsalına çalışdığını müəyyən etməsi üçün obeyktləri ziyarət etməsi və alimlərlə söhbət etməsinə icazə verilməlidir.

İran nüvə proqramının nüvə silahları istehsalı deyil, tibbi və elektrik enerjisi istehsalı kimi məqsədlərə xidmət edərək dinc xarakter daşıdığını bildirir.