Amerikanın Səsi ilə söhbətdə Türkiyədə qarşıdan gələn parlament seçkiləri ilə bağlı siyasi partiyaların durumunu şərh edən güneyli fəal Kərim Əsgəri siyasi partiyaların Türkiyə xaricində yaşayan türk cəmiyyətlərinin siyasətlərini dəyərləndirib.
Türkiyədə beynəlxalq münasibətlər üzrə təhsil alan güneyli fəal xüsusilə kürdlərin yaşadığı bölgələrdə nüfuz sahibi olan Xalqların Demokratik Partiyasının (HDP) son vaxtlarda əldə etdiyi uğurlardan bəhs edib.
Your browser doesn’t support HTML5
İyunun 7-də keçiriləcək seçkiləri son 10 ildə Türkiyənin ən önəmli seçkiləri kimi qiymətləndirən Əsgəri Türkiyə Böyük Millət Məclisinə partiya kimi girmə şansı olan partiyaların seçkiqabağı vəziyyəti haqqında danışır.
O, Türkiyədə keçirilən seçkilərin qonşu ölkələrlə müqayisədə daha demokratik bir şəkildə keçirilməsinə diqqət çəkir:
Bu seçkilərdə qadınlar bir çox partiyada ön plana çıxıb. Əlavə olaraq, homoseksuallar və bəzi azlıqlar o cümlədən ermənilər ön palana çıxıb və namizəd göstərilib.Kərim Əsgəri
“Türkiyənin qonşuları o cümlədən, İran, İraq, Suriya, Ermənistan və Azərbaycana baxdığımız zaman ən demokratik seçkilər bu ölkədə keçirilir. Amma təbii ki, Avrupa ilə müqayisədə geridədir... Bölgədə İran və Səudiyyə Ərəbistanı kimi önəmli ölkələrdə tək güc vardır, amma Türkiyədə nə qədər də bu gün bir partiya hakimiyyətdə olsa, fərqli siyasi quruluşların dövlət quruluculğunda, təşkilində və idarəsində bir cür iştirakları olur.”
“Türkiyədə partiyalar özlərini göstərə bilir, proqramlarını açıqlayır. Millət də onlara həmin proqramlar əsasında səs verir,” deyə Kərim Əsgəri bildirir.
Onun dediklərinə görə, qarşıdan gələn seçkiləri qonşu ölkələr də diqqətlə izləyir: “Bu seçkilər çox həssasdır və bölgədəki ölkələr o cümlədən, İran və Suriya tərəfindən diqqətlə izlənilir.
Güneyli fəal habelə yaxında keçiriləcək seçkilərdə qadınlar və azlıqların gündəmə gəlməsinə diqqət çəkir: “Qadınlar bir çox partiyada ön plana çıxıb. Əlavə olaraq, homoseksuallar və bəzi azlıqlar, o cümlədən ermənilər ön palana çıxıb və namizəd göstərilib.”
İran Azərbaycanı və ümumiyyətlə Türkiyə xaricində yaşayan türk cəmiyyətlərilə bağlı Milliyətçi Hərəkət Partiyası (MHP) xaricində digər önəmli partiyaların hər hansı rəsmi siyasət izləmədiklərini vurğulayan güneyli ekspert güneyli fəalların da Türkiyədəki siyasi partiyalarla ciddi bir əlaqə, ya da əməkdaşlıq içində olmadıqlarını deyir.
“Türkiyə hər halda İranı öz qarşısına almaq istəmir. Bir də təəssüflə, o qədər ki, İran Türkiyənin iç işlərinə qarışır və buradakı potensiallarını işlədir, amma o qədər də Türkiyə bizlərdən uzaq durur,” deyə Türkiyədə yaşayan güneyli fəal qeyd edir.
HDP ilə müvafiq ya müxalif olmağımız da söz qonusu deyil. Amma, HDP-nin yapdıqlarını bizim güneyli bəzi təşkilatlar örnək ala bilər. Cünki, HDP söyləmləri ilə sadəcə kürd kütləsi deyil, digər qrupların da səsini ala bilməyi bacardı.Kərim Əsgəri
“Mənə görə, bu seçimlərin ən önəmlisi və ən gözə çarpanı HDP-dir,” deyə Kərim Əsgəri kürd bölgələrində ciddi nüfuz sahibi olan Xalqların Demokratik Partiyasının (HDP) uğur qazandığı təqdirdə Türkiyənin daxili və xarici siyasətlərində ciddi dəyişikliklərin aparılacağını proqnozlaşdırır.
“Bu seçimlər Türkiyənin ən önəmli seçimlərindəndir və Türkiyənin taleyini və bölgə siyasətini tamamilə dəyişdirə bilər. Bu seçimlərin qədərini dəyişdirən isə HDP ola bilər, HDP yüzdə 10 seçim barajını (baryeri) aşdığı təqdirdə hakim partiyanın 60-65 millət vəkili azalacaq, Türkiyənin həm iç, həm də dış siyasətində böyük dəyişiklərin aparılmasına səbəb ola biləcəkdir.”
Güneyli fəal həmçinin bəzi güney təşkilatlarının Xalqların Demokratik Partiyasının fəaliyyətlərini nümunə ala biləcəyini önə çəkir.
“Türkiyədə partiyaların hamısına tərəfsiz qalmalıyıq. HDP ilə müvafiq, ya müxalif olmağımız da söz qonusu deyil. Amma HDP-nin yapdıqlarını bizim güneyli bəzi təşkilatlar örnək ala bilər. Cünki HDP söyləmləri ilə sadəcə kürd kütləsi deyil, digər qrupların da səsini ala bilməyi bacardı,” deyə Kərim Əsgəri əlavə edir.