Jurnalistlər və hüquq müdafiəçiləri Naxçıvana mütəmadi səfərlər edəcək

Jurnalistlər və hüquq müdafiəçiləri Naxçıvana mütəmadi səfərlər edəcək

“Naxçıvanda insan hüquqları xəstədir. Burada insanlar özlərini azad hiss etmir və bu səbəbdən danışmaqdansa evdə oturmağa üstünlük verirlər. İnsanların inamını artırmaq üçün hüquq müdafiəçiləri və jurnalistlərin tez-tez səfər etməsinə böyük ehtiyac var”,- deyə hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib.

Naxçıvana səfər etmiş jurnalıstlər və hüquq-müdafiəçilər mətbuat konfransı keçirib.
“Naxçıvana səfərimiz zamanı açıq şəkildə izlənmə, təzyiq və təsirə məruz qalmamışıq. Hüquq müdafiəçilərinin və jurnalistlərin təzyiqlərlə üzləşməsi və deportasiya olunması ilə bağlı bəzi media orqanlarında dərc olunmuş məlumatların əsası yoxdur”, - deyə Turan Agentliyinin direktoru Mehman Əliyev bildirib.
Onun sözlərinə görə, jurnalistlər və hüquq müdafiəçiləri səfər zamanı günün birinci yarısında Şərur rayon məhkəməsində RATİ-nin bölgə müxbiri Həkimeldostu Mehdiyevin məhkəmə prosesində iştirak edib. “Doğrudur, məhkəməyə giriş zamanı hamını ciddi yoxladılar, çantalar, mobil telefonlar alındı. Hətta vəkili də yoxladılar, çantasını və telefonunu aldılar”.
Cənab Əliyev eyni zamanda, Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində və Ombudsman Aparatında qəbul edilmədiklərini bildirib. “Milli Təhlükəsizlik Nazirliyində bildirdilər ki, bəzi media orqanları Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun əleyhinə yazıb. Ombudsman Aparatında isə jurnalistlərin və hüquq müdafiəçilərinin qabaqcadan qəbula yazılmadıqlarını dedilər. Sonra özünü təqdim etməyən əməkdaş Ombudsman Aparatını tərk etməyimizi tələb etdi və əl-qol atdı. Daha sonra isə Daxili İşlər Nazirliyinin ictimai təhlükəsizlik idarəsinin rəisi Əziz Əyyubov Ombudsman Aparatından şikayət edildiyi üçün Naxçıvanı tərk etməmizi tələb etdi. Ancaq, biz RATİ-nin bölgə müxbiri Həkimeldostu Mehdiyevin evinə getdik”, - deyə o qeyd edib.
Jurnalistlər və hüquq müdafiəçiləri Naxçıvan səfərini əhəmiyyətli adlandırıb və bu səfərlərin hər ay davam etdirilməsini vacib sayıb. “Naxçıvanda insan hüquqları xəstədir. Burada insanlar özlərini azad hiss etmir və bu səbəbdən danışmaqdansa evdə oturmağa üstünlük verirlər. İnsanların inamını artırmaq üçün buraya hüquq müdafiəçiləri və jurnalistlərin tez-tez səfər etməsinə böyük ehtiyac var”, - deyə hüquq müdafiəçisi Səidə Qocamanlı qeyd edib.
Hüquq müdafiəçiləri həmçinin Naxçıvanda vətəndaş cəmiyyətlərinin və siyasi partiyaların yerli şöbələrinin inkişaf etdirilməsini vacib sayır. “Regiondan Milli Məclisə seçilmiş deputatlar tez-tez seçiciləri ilə görüşüb, onların problemlərini parlament və hökumət qarşısında qaldırmalıdır. İnsanlar hətta bəzən poçt şöbələrinin onların şikayət teleqramlarını qəbul etmədiyini deyir. Məhkəmələr isə şikayətləri araşdırmağa üstünlük vermir”, - deyə hüquq müdafiəçisi Anar Məmmədli bildirib.
Bir çox redaktorlar regionda rəsmi şəxslərin də qorxu içində olduğu fikrindədir. Onlar danışanda belə səsləri titrəyir, sanki arxalarında hansısa göz izləyir. “Daxili İşlər Nazirliyinin ictimai təhlükəsizlik idarəsinin rəisi bizimlə parkda görüşdü, Ombudsman bu qədər insana şər atdı ki, guya onu təhqir ediblər. Rəsmi şəxslər hüquq müdafiəçiləri, jurnalistlərlə danışanda sanki əzbər bildikləri standart sözləri olan “mədəniyyətsiz”, “tərbiyəsiz”, “əlini cibindən çıxar” kimi sözlərdən istifadə edir. Təsəvvür etmək olar ki, bu şəxslər sadə vətəndaşlarla danışanda necə rəftar edirlər”, - deyə Xural qəzetinin redaktoru Əvəz Zeynallı qeyd edib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Naxçıvanda abadlıq olduğunu, ağacların kəsilmədiyini, tarixi abidələrin qorunduğunu deyib. “Amma, şəhəri abad edən insanlardır. Ən böyük problem Naxçıvanı insanların tərk etməsidir. Burada insan fəallığı hiss edilmir”, - deyə o vurğulayıb.