“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova barədə saxta olduğu bildirilən “müsavat televiziyası” saytında mənzillərdən birində gizli kamera ilə çəkilmiş intim videogörüntü yerləşdirilib.
Belə ki, martın 7-də naməlum şəxslər xanım İsmayılovanın evinə jurnalistin intim xarakterli şəkillərini göndərib və özünü yaxşı aparmasa, intim xarakterli geniş materialın yayılması ilə hədələyiblər.
“Bu hədə mənim üçün sürpriz olmadı. Mən uzun zamandır jurnalist araşdırması, o cümlədən prezident İlham Əliyevin ailə üzvlərinin gizli biznesinin araşdırılması ilə məşğul oluram. Ən yüksək səviyyədə korrupsiya faktları aşkar olunub və hakim ailə üzvlərinin offşor biznesinin sirri açılıb”, - deyə İsmayılova martın 7-də bildirmişdi.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, jurnalistin intim xarakterli video görüntülərinin yayıldığı saytın nə partiya, nə də qəzetlə heç bir əlaqəsi yoxdur və saxtadır. Sayt kontentinin təhlili göstərir ki, o, təxminən bir gün əvvəl yaradılıb və martın 11-13-də müxalif xarakterli cəmi bir neçə informasiya yerləşdirilib.
Xatırladaq ki, şantaj xarakterli videoroliklərin yayılması ilk deyil. Bundan öncə də, müxalif və müstəqil jurnalistlərə, siyasi və ictimai xadimlərə qarşı belə şantajlardan istifadə edilib. “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli ermənilərlə iş birliyi barədə, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədov isə seks-piarın qurbanı olub. AXCP sədri Əli Kərimliyə və jurnalist Aqil Xəlilə qeyri-ənənəvi orientasiya damğası vurmağa çalışıblar.
Bu kimi qara piar fəaliyyə bir qayda olaraq kəskin etirazlrla qarşılanıb. Bu gün də bir qrup ictimai xadim və hüquq-müdafiə təşkilatları “Azadlıq” radiosunun əməkdaşına qarşı hücumları pisləyib. “İsmayılovaya qarşı yönəlmiş əməlləri əxlaqsızlıq və cinayət kimi qiymətləndiririk. Səlahiyyətli orqanların adekvat reaksiyasının olmaması təxribatın hakimiyyət dəhlizlərində hazırlanması ilə bağlı şübhələri artırır”, - deyə bir qrup tanınmış hüquqşünas bildirib.
”Biz jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına qarışanları ciddi şəkildə qınayır və bu addımı qəti şəkildə pisləyirik. İstər qadın, istər kişi olsun, istənilən insanın şəxsi həyatına girmək əxlaqsızlıqdır. Bu hadisə həm də bizim hansı əxlaqsız cəmiyyətdə yaşadığımızın göstəricisidir”, - deyə Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu bildirib.
O, monitorinq qrupu adından jurnalistin şəxsi həyatına qarışanların aşkarlanmasını və ən ağır cəza verilməsini istədiyini bildirib.