İranda qeyri-farslar üçün 4 yaşından icbari fars dili tədrisi başlayacaq

İbtidai təhsil üzrə təlim və tərbiyə naziri müavininin bildirdiyinə görə, Tehran daxil olmaqla, qeyri-fars icmalarının yaşadığı bölgələrdə uşaqlar üçün 2 il məktəbəqədər təhsilin icbari olunması yönündə hazırlıq işləri görülür.

Birinci sinfə daxil olan qeyri-fars uşaqların “fars dilində söhbətləri anlamaqda problem yaşadıqlarına” diqqət çəkən xanım Həkimzadənın açıqlamaları “Mehr” agentliyində dərc edilib.

“Qeyri-fars bölgələrdəki təhsil uğursuzluğu uşaqların daha az zəkalı olduqlarından deyil. Onlar dili anlmadıqları üçün uğursuz olub, məktəbi tərk edirlər. Buna görə də, gələcək təhsil ilindən etibarən yoxsul qeyri-fars bölgələrdə uşaqları iki il öncədən, yəni 4 yaşlarında məktəbəqədər proqramlara göndərmək qərarına gəldik,” o söyləyib.

SEE ALSO: Qərbi Azərbaycan ibtidai təhsildə İranın ikinci ən uğursuz vilayətidir

Təhsil Nazirliyinin rəsmisi büdcə və maddi imkanların məhdud olduğuna diqqət çəkərək, proqramın hələlik yoxsul bölgələrdə həyata keçiriləcəyini açıqlayıb.

Rizvan Həkimzadə bu istiqamətdə “qanuni dəyişikliklərin” həyata keçirilməsinin zəruri olduğunu qeyd edib.

İran Azərbaycanında fəaliyyət göstərən mədəni fəallar yeni proqramın türklər və digər qeyri-fars cəmiyyətlərə qarşı assimilyasiya prosesini sürətləndirmək məqsədilə həyata keçirildiyini ifadə edirlər.

Son bir neçə ildə İran Azərbaycanı və Tehranda türk dilində təhsil tələbini artıq sadəcə dil hüquqları fəalları deyil, millət vəkilləri və yerli siyasətçilər də gündəmə gətirirlər.

SEE ALSO: Tehranda 9 min qeyri-fars uşaq farsca təhsilə hazırlıq proqramlarında

2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi ölkədə məktəb şagirdlərinin 70 faizinin ana dilinin fars olmadığını bildirmişdi.