İran Təhsil nazirinin ibtidai təhsil üzrə müavininin bildirdiyinə görə, ibtidai məktəb şagirdlərinin sinifdə qalması baxımından Qərbi Azərbaycan İranın ikinci ən uğursuz vilayətidir. Ana dilinin qeyri-fars olması, eləcə də yetərli sinif və müəllimin çatışmazlığı bu uğursuzluğun əsas amilləri kimi göstərilir.
“Tehran vilayətinin ibtidai məktəblərində sinifdə qalanların sayı daha azdır. Təəssüflə, ən çox uğursuzluq Sistan-Bəluçistan, Qərbi Azərbaycan və Hörmüzgan vilayətlərində görünür. Bunun səbəbləri məktəbəqədər proqramlara qatılmamaq, ikidilli olmaq, siniflərin həddindən artıq doldurulması və yetərli sayda müəllimin olmamasıdır,” deyə Məhəmməd Diməvərinin sözləri Mehr xəbər agentliyində dərc edilib.
İran İslam Respublikasında qeyri-fars şagirdlər üçün “ikidilli şagirdlər” termini işlədilir, onların problemləri isə təhsil sistemi ilə bağlı təşkil olunan seminarlarda “təhsildə ikidillilik problemi” olaraq təqdim edilir.
Ekspertlər və beynəlxalq insan haqları təşkilatları tərəfindən nəşr edilən bəyanatlara əsasən, İranda ana dilində təhsilin olmaması qeyri-fars şagirdlərin təhsil müddətində müxtəlif çətinliklərlə üzləşmələrinə səbəb olur. Bəzi araşdırmalar həmin çətinliklər səbəbilə bir çox şagirdin təhsili yarımçıq qoyduğu bildirir.
2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi İranda qeyri-fars şagirdlərin qarşılaşdığı problemi belə izah edib: “Ölkə şagirdlərinin 70 faizi ikidillidir. Onların ana dili məktəbə girib birinci sinfi bitirdikdən sonra belə farscaya çevrilmir... Birinci sinifdə təhsil uğursuzluğu ilə üzləşən bir şagird sona qədər müvəffəqiyyət əldə edə bilməyəcək.”