Hüquq müdafiəçiləri, habelə İran Azərbaycanı ilə bağlı xəbər yayan internet portalları İrandakı son xalq etirazları zamanı Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində öldürülən etirazçılarla bağlı məlumat yayıb.
Artan benzin qiymətinə qarşı noyabrın 15-də baş qaldıran və günlərlə davam edən kütləvi aksiyalarda mindən artıq etirazçının saxlanıldığı və təqribən 150 vətəndaşın həlak olduğu bildirilir.
Amnesty International noyabrın 25-də yaydığı hesabatda ən azı 143 nəfərin öldürüldüyünü təsdiq edib. Beynəlxalq insan haqları qurumunun məlumatına görə, ödürülən 143 etirazçının biri Şərqi Azərbaycan və dördü Qərbi Azərbaycan vilayətindəndir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi isə Zəncan və Ərdəbil vilayətlərində öldürülən vətəndaşlar haqqında məlumat yayıb. HRA-nın məlumatına görə, Əmir Hüseyn Abbasi Zəncanda baş verən aksiyalarda və Seyyid Əli Fətuhi Kuhsare Ərdəbildə həyatını itirib.
Güney Azərbaycan Televiziyası (Günaz TV) əlavə olaraq Təbriz və Tikantəpə şəhərlərində öldürülən iki vətəndaş haqqında məlumat yayıb. Bu məlumata əsasən, Əli Hüseyni Təbrizdə, Hadi Qurbani isə Qərbi Azərbaycan vilayətinin Tikantəpə şəhərində məmurlar tərəfindən öldürülüblər.
SEE ALSO: İranda internet etirazlardan əvvəlki vəziyyətə qayıdacaqmı?Xalq etirazlarının baş qaldırması ardından hakimiyyətin bütünlüklə blokladığı internet bir həftə sonra müxtəlif vilayətlərdə tədricən bərpa edilməyə başlayıb. Lakin siyasi fəallar internet bağlantısının etirazlardan əvvəlki vəziyyətə dönəcəyinə şübhə ilə yanaşırlar.
Bir həftəlik internet blokadası səbəbilə hüquq müdafiəçiləri nəzarət altına alınan və öldürülən vətəndaşlar haqqında ətraflı məlumat əldə edə bilməyiblər.