Yazar Zümrüd Yağmur Amerikanın Səsinə müsahibəsində ötən həftə Azərbaycan və Ermənistan sərhədində baş verən döyüşlərin ölkədəki ictimai-siyasi hadisələrə təsirləri barədə danışıb.
Your browser doesn’t support HTML5
Zümrüd Yağmurun sözlərinə görə, hər dəfə Azərbaycanda müharibə ab-havası yarananda əsas iki nüansa diqqət etmək lazımdır:
“Bunlardan birincisi odur ki, Azərbaycan xalqı hər şeyə rəğmən Qarabağ ideyası ətrafında birləşə bilir. Bunu ona görə deyirəm ki, Azərbaycan cəmiyyətində böyük ideoloji boşluq var. Siyasi təşkilatlar ideoloji boğluğu doldura bilmir, mübarizə sadəcə iqtidarı tənqid etmək üzərində qurulub və müəyyən bir ideya yoxdur. Bütün bunlara baxmayaraq azərbaycanlılar bir xalq olaraq Qarabağ ideyası uğrunda birləşə bilir.”
Qarabağ mövzusu iqtidara xalqın duyğularıyla oynamağa imkan yaradır.
Yazar əlavə edir ki, ikinci əsas nüans isə odur ki, həmin birlik iqtidara xalqın duyğularıyla çox asan şəkildə oynaya bilməsinə imkan yaradır.
“İnsanlar deyir ki, biz ordumuzun yanında olmalıyıq. Sual verilir, hakimiyyət məgər ordunu ordu kimi formalaşdıra bilibmi? 2020-ci ildə, müasir texnologiyalarla təchiz olduğunu iddia etdiyiz ordunun generalı niyə bu qədər asan öldürülür?
Biz bunu 2016-cı ildə aprel hadisələri zamanı da gördük. İki günlük döyüşlərdə onlarla zabit qurban versə də, iqtidar bizim müharibəyə qarşı olan bu romantik düşüncəmizin sayəsində öz bacarıqsızlığını ört basdır etməyə nail olur.
Demək ki, biz müharibəyə qarşı olan romantik duyğularımızdan azad olub, müasir dünyanın müharibə anlayışına fokuslanmalıyıq. Biz hakimiyyətə bu mesajı çatdırmalıyıq ki, bizim duyğularımız o qədər ucuz deyil ki, sən hər dəfə ondan öz bacarıqsızlığını ört basdır etmək üçün bu qədər asan istifadə edəsən.”
Azərbaycanda xalqla iqtidar arasında böyük bir uçurum var.
İctimai fəal qeyd edir ki, Azərbaycan iqtidarının daxili siyasət anlayışı öz vətəndaşını əzməyə fokuslanıb və buna görə də ölkədə xalqla hakimiyyət arasında böyük bir uçurum var.
“Biz 20 ilə yaxındır ki, Azərbaycan iqtidarının davamlı olaraq öz vətəndaşını aşağılaması, həbs etməsi, həyatını cəhənnəmə çevirməsini müşahidə edirik. Hakimiyyətin daxili siyasət anlayışı öz vətəndaşlarını əzməyə fokuslanıb. İqtidar üçün vətəndaş nə qədər çox əzilirsə, nə qədər çox susqundursa, nə qədər çox dəyənəkdən qorxursa demək ki, daha yaxşı siyasət həyata keçirmiş olur. Bu baxımdan Azərbaycanda xalqla iqtidar arasında böyük bir uçurum var.”
Hakimiyyət Qarabağ məsələsindən istifadə edərək narazı xalqı psixoloji sarsıntıya məruz qoydu.
Zümrüd Yağmur onu da bildirir ki, son aylarda ölkədə baş verən hadisələrin böyük sosial narazılıqlara gətirib çıxarda biləcəyindən ehtiyat edən hakimiyyət Qarabağ məsələsindən öz vətəndaşlarını qorxutmaq üçün istifadə etdi.
“Gəlin biz qısa da olsa, mitinqə fokuslanaq. Özü toplaşmasına izn verdiyi insanlara sonda niyə o qədər aqressiv davrandı? İqtidar bilir ki, boğaza qədər rüşvətə batıb və xalq bunun fərqindədir. Fərqindədilər ki, Qarabağı istəyən xalq eyni dərəcədə iqtidarın da getməsini, başına onu idarə edəcək normal və əsas da oğurlamayan bir iqtidarın gəlməsini istəyir. Çünki insanlar Qarabağın işgalından bezdiyi kimi, elə Bakının, Gəncənin də Əliyevlər tərəfindən işğal "edildiyindən" bezib və eyni şəkidlə hakimiyyətə də nifrət edir. Məhz elə buna görə Qarabağ üçün yığışan xalqın nəzarətdən çıxacağından ehtiyatlanan hakimiyyət bir vaxtdan sonra polisi xalqın üzərinə yeritdi. İqtidar əmin olsaydı ki, ora milyonlar yığışsa da, bu insanlar ona qarşı çevrilməyəcək, heç bir müdaxiləyə ehtiyac görməyəcəkdi.
SEE ALSO: Bakıda keçirilən yürüş dağıdılıb, saxlanılanlar varHökümət toplumu məyusluğa, depressiyaya, psixoloji sarsıntıya məruz qoymaqla həm də baş verə biləcək sosial partlayışların qabağını almağa hesabladı və müəyyən mənada buna da nail oldu.”