Müdafiə Nazirinin keçmiş müavini İsa Sadıqov Amerikanın Səsinə müsahibədə prezident İlham Əliyevin Şuşa və Laçının işğalı və baş verənlərdə Xalq Cəbhəsi hakimiyyətinin məsuliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
"1992-ci ildə Şuşanın və Laçının işğal olunması AXC-Müsavat cütlüyünün gənc müstəqil Azərbaycan dövlətinə qarşı etdiyi satqınlıq, xəyanət və cinayətdir," prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləmişdi. "Bir daha demək istəyirəm ki, o vaxt onların əsas məqsədi hakimiyyətə gəlmək idi. Hakimiyyət də kifayət qədər zəif idi, ona görə Şuşanın təhvil verilməsi, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsi bilavasitə AXC-Müsavat hakimiyyətinin, o vaxt o partiyaların rəhbərliyinin və onların üzvlərinin cinayətidir."
Your browser doesn’t support HTML5
İsa Sadıqovun sözlərinə görə, İlham Əliyev döyüşlər gedən vaxtlarda Azərbaycanda deyildi, bizneslə məşğul idi və Azərbaycanda nələrin baş verdiyindən xəbəri yox idi.
“İlham Əliyev o qədər yalan danışıb ki, artıq harda həqiqət, harda yalan olduğunu özü də bilmir. Sovetlər dağılmaq üzrə idi və ruslar da çox yaxşı başa düşürdü ki, Rusiya da belə bir təhlükə ilə üz-üzədir. Rusiya bu təhlükənin qarşısını almaq üçün nəyin bahasına olursa olsun keçmiş sovet ölkələrində münaqişələr yaratmağa çalışırdı," Sadıqov deyir.
Xocalının, Şuşanın və Laçının işğalı vaxtı Azərbaycanın hazırlıq keçmiş bir batalyonu belə yox idi.
1991-ci ilin aprel-may aylarında Kremlin belə bir qərar qəbul etdi ki, respublikalarda yerləşən hərbi bazalar ölkələrə təhvil verilsin. Gürcüstan və Ermənistan bu bazaları təhvil alsa da, Azərbaycana həmin bazalar 1992-ci ilin mart ayından verilməyə başladı.
Həmin dövrdə hakimiyyətdə olan Ayaz Mütəllibov höküməti bunun qarşısını almaq, vəziyyəti düzəltmək üçün ciddi heç bir addım atmırdı. Xocalının, Şuşanın və Laçının işğalı vaxtı Azərbaycanın hazırlıq keçmiş bir batalyonu belə yox idi. Bizim hazırlıq keçməmiş, yalnız yüngül silahlanmış ordumuz ağır artilleriyaya qarşı tab gətirə bilməzdi.”
İstefada olan polkovnik bildirir ki, AXC-Müsavat hakimiyyətə gələn kimi, 1992-ci ilin 12 iyununda yay hərbi kampaniyasına başladı və qısa müddətdə - 3 ay ərzində Qarabağın "demək olar ki, 65 faizi" üzərində nəzarəti bərpa etdi.
Heydər Əliyev ermənilərlə eyni səviyyədə separatizmlə məşğul idi.
“Çox geniş və uğurlu hərbi əməliyyatlar baş tutdu. Bunların qarşısını alan isə ermənilərlə eyni şəkildə separatizmlə məşğul olan Heydər Əliyev idi. Heydər Əliyev Naxçıvanda ermənilərlə saziş bağlayıb, atəşkəs elan edib, Ermənistanın bütün qüvvələrinin Qarabağa yönəldilməsinə şərait yaradırdı," deyə Sadıqov müşahidəsini paylaşır.
Onun fikrincə hakimiyyətə gəlməyə can atan Heydər Əliyev regionda sülh yaranmasının qarşısını almağa və müharibənin davam etməsinə çalışırdı. Sabiq hərbi rəsmi Heydər Əliyevin hakimiyyəti ələ keçirdikdən sonra altı rayonun itirilməsinə və bir milyondan çox adamın qaçqın düşməsinə görə məsuliyyət daşıdığını bildirir.
Cənab Sadıqov əlavə edir ki, "əgər Heydər Əiyev İlham Əliyevin dediyi qədər xalqını sevsəydi, hələ 1992-ci ildə Bakıya gələr, həmin milli hakimiyyətin yanında olar, xalqı səfərbər edər və bütün qüvvə ilə müharibəni sonlandırmağa çalışardı amma bunu etmədi."
“Heydər Əliyev hakimiyyətə gələrkən ölkədə 3 hərbi korpus var idi. O, hakimiyyətə gələn kimi korpusları ləğv etməyə başladı. Həmin korpuslar müstəqil şəkildə əməliyyatlar hazırlayıb, icra edə bilirdilər. Onların lazımı qədər qüvvəsi və imkanları var idi. Korpuslararası əlaqələr var idi, idarəçilik var idi. Heydər Əliyev gələn kimi korpuslararası əlaqələr tamamilə məhv edildi, Azərbaycan Xalq Cəbhəsi adı altında 36 batalyonu ləğv etdi. Müharibə gedə-gedə sən onları niyə ləğv edirsən? Özü də onların hamısı bir il döyüşlərdə iştirak edən, təcrübəsi olan könüllü əsgərlər idi. Ağdam işğal olan zaman, Zəngilan mühasirədə qalan zaman adi bir briqadamız da yox idi ki, onlara yardıma, köməyə göndərək.”
Keçmiş Müdafiə Nazirinin müavini qeyd edir ki, Kələbəcərin işğalından bir ay sonra BMT-də müzakirələr başladı və 4 qətnamə qəbul olundu. Ermənistana beynəlxalq təzyiqlər var idi və 14 iyunda ermənilər Kəlbəcər də daxil olmaqla işğal altında olan əraziləri tərk etməli idi.
Xalq Cəbhəsi hakimiyyətinin Qarabağ üçün bir ildə gördüyünü Əliyev hakimiyyəti 27 ildə görə bilmədi.
“Heydər Əliyev və onun əlaltılarının səyi nəticəsində bu baş tutmadı. Çünki müharibənin bitməsi, milli hökümətin möhkəmlənməsi Heydər Əliyevin bir daha hakimiyyətə gəlməməsi demək idi. Ona görə də o, hər bir yola əl ataraq bu müharibəni uzatmağa və bu yollarla hakimiyyəti zəbt etməyə çalışırdı. Neçə rayon işğal olunacağı onun vecinə deyildi.”