İdman yarışlarına milyardlar xərcləmək məntiqlidirmi?

Your browser doesn’t support HTML5

Sonuncu Dünya Kuboku adlı-sanlı yığmaların fiaskosu, xorvatların əzmkarlığı və fransızların parlaq qələbəsi ilə yadda qaldı. Digər yadda qalan məqam da, Rusiyanın bu turninə sərf etdiyi 14 milyard dollarlıq rekord məbləğ oldu. FIFA Dünya Kubokuna bu qədər vəsaitin sərf edilməsi nə qədər məntiqlidir?

Dünya Kuboku dünyanın müxtəlif yerlərindən minlərlə azarkeş cəlb edir. Lakin iqtisadçıları azarkeşlərin bir ay ərzində sərf etdiyi pulların ölkə iqtisadiyyatına əhəmiyyətli təsir edəcəyi fikri ilə razı deyillər.

Bəs uzun müddətli təsirlər necə?

Tədqiqatçılar uzunmüddətli təsirləri ölçəndə üç əsas göstəriciyə diqqət ayırırlar. Bu göstəricilər, stadionların yeniliyi, vətəndaşların ruh yüksəkliyi və ölkənin imicidir.

Stadionların yeniliyi

Dünya Kuboku təşkilində ən böyük xərclər stadionlarla bağlıdır. Stadionlar müasir olduqda azarkeşlər futboldan daha çox zövq alır. Bununla bərabər, müasir stadionlar köhnələrilə müqayisədə daha çox gəlir əldə etmək imkanı verir.

2018-ci il Dünya Kubokunun açılışının keçirildiyi Moskvanın Lujniki stadionunun rekonstruksiyasına 350 milyon avro sərf edilib.

Lakin burada vacib bir məqam var. Həmin stadionlarının tam istifadəsi və gəlir gətirməsi üçün ölkədə güclü futbol klubları olmalıdır.

Vətəndaşların ruh yüksəkliyi

Sirr deyil ki, Dünya Kuboku ev sahibliyi edən ölkənin vətəndaşlarına ruh yüksəkliyi verir. Bunu turnirin gətirdiyi azad mühitlə, eyni zamanda insanların bir-birilə paylaşa biləcəyi ortaq bir mövzunun olması ilə izah edirlər.

Turnirə ev sahibliyi etmək insanları daha xoşbəxt və qürurlu edir. Xoşbəxt insanlar isə daha çox pul xərcləyir. Beləliklə, ruh yüksəkliyi effekti nə qədər çox davam etsə, iqtisadiyyata bir o qədər faydalıdır.

Ölkənin imici

Aydındır ki, Dünya Kubokuna ev sahibliyi edən ölkə qlobal mətbuatının diqqət mərkəzində olur. Ölkənin mədəniyyəti, mətbəxi, turistik məkanları haqqında xəbərlər potensial turistlərin marağına səbəb olur.

Məsələn, 2006-cı il Dünya Kubokuna qədər Almaniya xaricilər arasında soyuq, qeyri-qonaqpərvər və əyləncəli olmayan bir ölkə kimi tanınırdı. Lakin turnirdən sonra Almaniyanın turistik imici yaxşılaşdı və ölkəyə daha çox turist gəlməyə başladı.

Nəhəng idman yarışlarının ölkə iqtisadiyyatına təsiri haqqında qısa olaraq bu qədər.

Bəs sizcə, Azərbaycan kimi kiçik və futbol səviyyəsinin yüksək olmadığını ölkələrdə Dünya Kubokunun təşkili daha çox fayda verər, yoxsa ziyan?