“Azərbaycan bilimyurdlarında türk dilinin İranda rəsmi olması istəyi yayğın və ümumidir,” deyə Urmiyə Universitetinin tələbəsi Amerikanın Səsi ilə söhbətdə vurğulayır. İzzət Quluzadə İran Azərbaycanında öyrənci/tələbə fəaliyyətləri, universitetlərdə nəşr olunan türkcə-farsca dərgilər, tələbələrin istək və tələbləri, eləcə də üzləşdikləri məhdudiyyətlər haqda danışıb.
Your browser doesn’t support HTML5
Ötən fevral ayında İran Azərbaycanı universitetlərində təhsil alan 1811 tələbənin prezident Həsən Ruhaniyə ünvanladığı məktuba işarə edən İzzət Quluzadə mövcud durum və təhlükəsizlik qurumlarının basqılarına baxmayaraq türk dilinin rəsmi olması tələbinin olduqca “yayğın və ümumi” olduğunu önə çəkir.
Universitetlərdə güneyli tələbələr üçün fəaliyyət bazasının məhdud olduğunu söyləyən Quluzadə “Azərbaycan Tanıtım” adlı tələbə ocağının təşkili ilə bağlı Urmiyə Universiteti məsullarına müraciətlərinin rədd edildiyini deyir:
Türk öyrəncilər istəyirlər ki, olduğu kimi tanınsınlar, amma, bizim əməkdaşlığımızı istəyən bu dərnəklər bizi olduğumuz kimi, dilimizlə, kimliyimizlə qəbul etmirlər. Onlar bizi özləri kimi mərkəz istiqamətində olmağımızı istəyirlər.İzzət Quluzadə
“Azərbaycan Tanıtım adlı bir ocağı qurmaq üçün bilimyurd sorumlularına müraciət edib, icazə istədik. Ancaq, sonra öyrəndik ki bizim istəyimizi dəyərləndirəndə bizi Pantürk adlandırıblar.”
O, hazırda Urmiyə Universitetində türk dili və İran Azərbaycanının problemləri ilə əlaqəli fəaliyyət göstərən tələbələr üçün hər hansı dərnək və ya ocağın mövcud olmadığını bildirir.
İzzət Quluzadənin sözlərinə görə, keçmişdə Urmiyə Universitetində fəaliyyət göstərmiş Ustad Şəhriyar adlı tələbə ocağı 2006 may olaylarından sonra universitet məsulları tərəfindən qapadılıb.
O, həmçinin güneyli tələbələrin İranın bütün universitetlərində şöbələri olan dərnəklər, o cümlədən İslam Əncüməni ilə əməkdaşlıqları ilə bağlı düşüncələrini bəyan edib:
“Türk öyrəncilər istəyirlər ki olduğu kimi tanınsınlar, amma, bizim əməkdaşlığımızı istəyən bu dərnəklər bizi olduğumuz kimi, dilimizlə, kimliyimizlə qəbul etmirlər. Onlar bizi özləri kimi mərkəz istiqamətində olmağımızı istəyirlər.”
Əslən Şərqi Azərbaycanın Tufarqan şəhərindən olan tələbənin sözlərinə görə, tələbə fəalları türk dilinin rəsmiləşməsi kimi konkret tələblərdən əlavə Azərbaycan əhalisinin məişət və iqtisadi durumu, eləcə də yaşadığı çevrənin sağlamlığı ilə bağlı istəklər istiqamətində də fəaliyyət göstərirlər.
Türk və fars dillərində nəşr edilən tələbə dərgiləri ilə bağlı məlumat verən Quluzadə həmçinin tələbələrin türk dilində yazıb oxumaq problemlərinə də toxunur.
“Tələbələr Azərbaycan şəhərlərinin bir çox universitetində türkcə-farsca dərgilər yayırlar. Dərgilərlə bağlı problemlərdən biri dil problemidir. Öyrəncilər türk dilində təhsil almadıqlarına görə yazıb-oxumağı bacarmırlar. Buna görə də türkcə yazılar üzərində həmişə mübahisələr gedir, bəziləri deyir çətin yazırsınız, bəzilər də yazıların səviyyəsinin çox yuxarı ya aşağı olduğunu deyir. Amma, farsca yazılarda belə mübahisələr ortaya çıxmır. Çünki, hərkəs farsca yazıb oxumağı bilir,” deyə İzzət Quluzadə əlavə edir.