Accessibility links

Duman Radmehr: “Haray haray mən türkəm!” may qiyamının ideologiyası idi [Audio]


Duman Radmehr
Duman Radmehr
Duman Radmehr 2006-cı ilin may ayında Azərbaycan şəhərlərində küçəyə çıxan kütlələrin hələ də may qiyamının əsasları və ideologiyasına bağlı qaldıqlarını deyir. Güneyli fəal Amerikanın Səsi ilə söhbətdə “Milli Qiyam” adı ilə tanınan 2006-cı ilin mayında baş verən üsyanın mahiyyətini dəyərləndirməklə yanaşı, bu etirazları Güney Azərbaycan Milli Hərəkatının dönüş nöqtəsinə çevirən cəhətləri şərh edib.
Duman Radmehr Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:20:57 0:00
Direct link

2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan İran jurnalının yaydığı Türkləri aşağılayan yazılı karikaturalar Azərbaycan şəhərlərində böyük bir üsyana səbəb oldu. Karikaturada bir uşağın bir hamam böcəyinə verdiyi farsca suallara hamam böcəyi türkcə cavab verir. Yazılı mətndə həmçinin hamam böcəklərini məhv etməyin yolları müzakirə edilir.
Bu bizim xalqı təhqir edən birinci olay deyildi. Ancaq bu səfər Azərbaycan toplumunda bir türklük oyanışı aparılmış və bir türklük anlayışı yaradılmışdı. Buna görə də, keçmişdəkilər ilə fərqli olaraq bu təhqirə olan təpkilər daha ciddi oldu və etirazlar kütləviləşdi.
Duman Radmehr


İran hakimiyyətinin irqçı karikaturaya qarşı həyata keçirilən kütləvi etirazlara sərt təpkisi ardından Sulduz (Nəğədə), Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə bir neçə etirazçı İran polisi tərəfindən açılan güllələrlə öldürüldü. Həmin vaxtlarda, Amnesty International bəyanat yayaraq 27 nəfərin ölümü ilə bağlı məlumat aldığını bildirdi.

May olayları zamanı Təbriz Universitetində təhsil alan Duman Radmehr etirazların Təbriz və Urmiyə universitetlərində başladılıb və daha sonra şəhərlərə yayılması prosesini Amerikanın Səsinə anladıb.

“Mayın 14-də karikaturaları Təbriz Universitetində dağıtdıq, başqa universitetlərin öyrənciləri, özəlliklə Urmiyə Universiteti ilə koordinasiya etdik. Ertəsi gün universitet məsullarından piket keçirmək üçün icazə almağa toplandıq və sonunda yazılı olmasa da şifahi şəkildə onlardan icazə almağı bacardıq,” deyə etirazlarda aktiv şəkildə iştirak edən milli fəal söyləyib.

Radmehr mayın 14-də Təbriz və Urmiyə universitetlərində etirazlara start verildiyi, habelə Mayın 20-də ilk olaraq Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində etirazların küçələrə daşınması ardından mayın 22 və 23-də Təbriz və Urmiyə şəhərlərində böyük qiyamın həyata keçirilməsi şəklini açıqlayıb.

Güneyli fəal toplum içində mövcüd olan narazılıq, milli fəallar arasında yaradılmış əlaqə şəbəkəsi, etirazçılar tərəfindən qəbul edilən ideologiya və lokal rəhbərlərin rolunu vurğulayaraq may qiyamını ortaya çıxaran ictimai amilləri təhlil edib.
Sulduz (Nəğədə), Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə bir neçə etirazçı İran polisi tərəfindən açılan güllələrlə öldürüldü. Həmin vaxtlarda, Amnesty International bəyanat yayaraq 27 nəfərin ölümü ilə bağlı məlumat aldığını bildirdi.
“Bu bizim xalqı təhqir edən birinci olay deyildi. Ancaq bu səfər Azərbaycan toplumunda bir türklük oyanışı aparılmış və bir türklük anlayışı yaradılmışdı. Buna görə də, keçmişdəkilərdən fərqli olaraq bu təhqirə olan təpkilər daha ciddi oldu və etirazlar kütləviləşdi.”

Radmehr həmçinin müasir rabitə vasitələrinin rolunu dəyərləndirib. Onun dediklərinə görə, muxtəlif şəhərlərdə etirazları təşkil edən milli fəallar ən çox SMS vasitəsi ilə əlaqədə olublar.

May etirazlarında ən çox səslənən şüarlara diqqət çəkən siyasi fəal “Haray haray mən türkəm!” ifadəsini bu qiyamın ideologiyası kimi qiymətləndirib.

Sabiq siyasi məhbus o vaxtlarda İran İslam Respublikasında hakim olan qüvvələrdən söz açaraq zamanın siyasi şərtlərini də təhlil edib.

“Əhmədinejad yeni hakimiyyətə gəlmişdi, lakin hələ bəzi məhəlli məsullar o cümlədən, valilər Xatəmi dönəmindən qalanlar idi. Bu isə vilayət məsulları arasında bir çaş-başlıq durumunun yaranmasına səbəb olmuşdu,” deyə Duman Radmehr yerli dövlət məsullarının necə bir siyasət yürüdəcəkləri ilə bağlı qərarlı bir mövqe sərgiləyə bilmədiklərini may etirazlarını təşkil edən milli fəallar üçün bir fürsət olduğunu dilə gətirib.
İsveçdə yaşayan fəal may qiyamını güneydəki hərəkatda bir dönüş nöqtəsinə çevirən cəhətlər ilə bağlı Amerikanın Səsinin sualını cavablandırıb.

O may qiyamından sonra İran İslam Respublikası tərəfindən yürüdülən assimilyasiya siyasətinə ciddi bir zərbə vurulduğu, may qiyamının milli mübarizə tarixində bir mehvər mövqeyə yiyələndiyi, hakimiyyətin milli hərəkata qarşı etinasız və görməzdən gəlmə şəklində sərgilədiyi mövqeyin sınması, habelə may qiyamı nəticəsində milli hərəkatın öz bəzi zəif nöqtələrinin fərqinə varması kimi məqamları bu qiyama bir dönüş nöqtəsi mahiyyəti verən cəhətlər kimi dəyərləndirib.

“Azərbaycanda milli hərəkat başlandıqdan sonra İran hakimiyyətinin türklərə qarşı assimilyasiya siyasətinin təsirinin sürəti azalmışdı. Ancaq may qiyamından sonra bu sürətin cəhəti də dəyişdi. Azərbaycan toplumunun böyük bir hissəsi türklüyünə sahib çıxmağa başladı,” deyə Radmehr bəyan edib.
Azərbaycan şəhərlərinin yaşıl hərəkata qatılmaması toplumun kütlə olaraq hələ də may qiyamına bağlı qalmasını göstərdi.
Duman Radmehr
Onun fikrincə, may qiyamı İran Azərbaycanında bir tarixi mehvərin yaranmasına səbəb olub. “Bu mehvər olayın ortaya çıxması hər il bu etirazların ildönümündə fəalları milli hüquqlar uğrunda bir işlər görməyə borclu hiss etdirir,” deyə azərbaycanlı fəal qeyd edib.

Duman Radmehr 2006 may ayında Azərbaycan şəhərlərində küçəyə çıxan kütlələrin hələ də may qiyamının əsasları və ideologiyasına bağlı olduğunu irəli sürüb. O 2009-2010 illərində İranın mərkəzi bölgələrində cərəyan edən yaşıl hərəkat dönəmində Azərbaycan şəhərlərinin səssiz qalmasını bu bağlılığın bir əlaməti olaraq dəyərləndirib:
“Azərbaycan şəhərlərinin yaşıl hərəkata qatılmaması toplumun kütlə olaraq hələ də may qiyamına bağlı qalmasını göstərdi. Ancaq, may qiyamından sonra keyfiyyət və hərəkata aydın kadrlar cəlb etmək baxımından zəif nöqtələrimiz oldu.”

O, bu boşluğu doldurmaq üçün milli hərəkatda qadın haqları və insan haqları kimi söyləmlərin gücləndirilməsinin gərəkli olduğuna inandığını söyləyib.

Duman Radmehr həmçinin may hadisələrinin sənədləşdirilməmiş olmasını milli hərəkatın digər zəif nöqtəsi olaraq vurğulayıb.

“May olaylarını sənədləşdirmək baxımından ciddi problemlər var. Misal olaraq, hələ qalsın ingilizcə və xarici dillər, Quzey Azərbaycan toplumunu may qiyamı ilə bağlı bilgiləndirmək üçün latin əlifbasında belə ətraflı məlumat yayılmayıb,” deyə o söyləyib.

“Olaylar hüquqi açıdan təqib edilə bilərdi, ama edilməyib. Misal olaraq biz etirazçılara qarşı güllə açmağa əmr verənlərin kim olduğunu müəyyən edərək onların İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar siyahısına daxil edilməsi mümkün olardı,” deyə o əlavə edib.
XS
SM
MD
LG