"Beynəlxalq ictimaiyyət 2018-ci ildəki seçkiləri legitim olaraq qəbul etməyəcək" [Audio-Müsahibə]

İsa Yusibov

Siyasi təhlilçi İsa Yusibov Amerikanın Səsinə verdiyi müsahibəsində prezident İlham Əliyev tərəfindən aprelin 11-ində növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə verilən qərarı şərh edib.

Your browser doesn’t support HTML5

"Beynəlxalq ictimaiyyət 2018-ci ildəki seçkiləri legitim olaraq qəbul etməyəcək"

Yusibovun sözlərinə görə, hökümət tərəfindən seçkilərin vaxtının dəyişdirilməsi ilə bağlı açıq və tutarlı səbəblər gətirilmədiyi üçün o bu sərəncamı faktiki olaraq prezident seçkilərinin "oğurlanması" kimi dəyərləndirir.

Hakimiyyət resusrlarından daha az istifadə edərək ömürlərini 7 il daha uzatmağa çalışır.

“2003-cü il seçkilərindən bəri Konstitusiya edilən dəyişikliklərin hamısı 2018-ci ildə keçiriləcək seçkilərə hazırlıq mahiyyəti daşıyırdı. Xüsusilə də konstitusiyanın seçkiöncəsi təbliğat-təşviqat kampaniyası ilə bağlı hissəsinə edilən dəyişikliklər və məhdudlaşdırılması onu göstərir ki, Azərbaycan hakimiyyəti siyasi proseslərin seçkilər vasitəsi ilə müəyyən məcraya yönəlməsini istəmir. Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar da məhz bunun açıq aşkar nümunəsidir. Hakimiyyət prezident seçkilərinin vaxtını oktyabr ayının 17-sindən aprel ayının 11-nə çəkməklə öz resusrlarından daha az istifadə edərək hakimiyyətdəki ömürlərini daha 7 il uzatmağa çalışır.”

2018-ci il seçkiöncəsi siyasi-ictimai vəziyyətlə 2003-cü ildəki prezident seçkiləri dövrünün analogiyasını aparan siyasi təhlilçi qeyd edir ki, seçki vaxtının dəyişdirilməsinə əsas səbəblər hökümətin məhz 2003-cü ildə qarşılaşdıqları problemlərlə yenidən qarşılaşmaq istəməməsidir. İsa bəy əlavə edir ki, 2003 seçkilərində olduğu kimi 2018-ci il seçkilərində də hakimiyyətdə elitadaxili problemlər özünü gösərir.

Sosial vəziyyətin pisləşməsi əhalinin siyasi proseslərə qoşulması və onu dəyişdirmək istəməsi ilə nəticələnə bilər.

Onun fikrincə, oktyabr ayına qədər bu problemlərin daha çox üzə çıxıb, ictimaiyyətdə hakimiyyətdaxili ixtilafların olmasına dair fikirlərin yaranmasının qarşısını almaq üçün hökümət seçkilərin aprel ayında keçirilməsini daha uyğun sayır.

“Son bir neçə ildir Azərbaycanda sosial-iqtisadi vəziyyət kəskin şəkildə pisləşib. Azərbaycan hakimiyyəti də başa düşür ki, seçki ilində Azərbaycan cəmiyyətində aktivlik əvvəlki illərə nəzərən daha çox olur. Hətta insanlar seçkilərlə nə qədər maraqlanmasa, ona inanmasa belə seçki ilində Azərbaycan cəmiyyətində hərarət və siyasi fəallıq artır. Sosial vəziyyətin pisləşməsi və bu vəziyyətin seçki ilində daha da kəskinləşməsi Azərbaycanda əhalinin seçkiyə inamı olmasa belə siyasi proseslərə daha çox qoşulması, onu dəyişdirmək istəməsi ilə nəticələnə bilər.”

Müxalifətə təbliğat-təşviqat kampaniya üçün vaxt verilməsi çox ciddi problemlərə gətirib çıxarda bilər.

Cənab Yusibov növbəti əsas səbəb kimi hakimiyyətin siyasi müxalifəti seçki prosesində bir növ “ofsayd”-da buraxmaq istəyində görür. Onun sözlərinə görə, müxalif partiyalar 2003-cü ildə də rayon və şəhər yerli icra orqanları tərəfindən ciddi təzyiqlərlə üzləşsə belə Azərbaycanın regionlarında çox ciddi və əhəmiyyətli görüşlər keçirib, insanların aktivləşməsinə, siyasi proseslərə qoşulmasına nail olmuşdu.

“Buna görə də hakimiyyət başa düşür ki, məhdud resusrlarla belə olsa müxalifətə təbliğat-təşviqat kampaniya üçün bu qədər vaxt verilməsi çox ciddi problemlərə gətirib çıxarda bilər. Beləliklə, onlar siyasi müxalifəti təbliğat-təşviqat kampaniyasından uzaqlaşdırmaqla birlikdə əhalinin siyasi aktivliyinin artmasının qarşısını almağa çalışırlar.”

Demokratik keçirilən seçkilərdə rəqibin İlqar Məmmədov və ya başqası olmasından asılı olmayaraq həmin şəxs seçkilərdə çox ciddi elektrota sahib olacaq

Növbədənkənar seçkilərin keçirilməsinə səbəb kimi məhz hökümətin REAL partiyasını sədri İlqar Məmmədovla seçkilərdə üz-üzə gəlmək istəməməsi fikrinə münasibət bildirən İsa Yusibovun bildirib ki, Azərbaycan hakimiyyətinin hər hansı bir fərdlə qarşılaşmamaq üçün belə böyük əhəmiyyətə malik bir qərara imza atması inandırıcı səsələnmir.

“Azərbaycan hakimiyyəti çox gözəl anlayır ki, demokratik keçirilən istənilən seçkilərdə onun qarşısındakı rəqibin İlqar Məmmədov və ya başqası olmasından asılı olmayaraq həmin şəxs seçkilərdə çox ciddi elektrota sahib olacaq.”

İsa bəy onu da əlavə edib ki, seçkilərin apreldə keçirilməsi beynəlxalq seçki müşahidəçilərinin prosesi izləməsinin qarşısını alır.

“Bütün seçkilərdə istər ATƏT, istərsə də Avropa Şurasının uzunmüddətli müşahidəçiləri olur. Hansı ki, həmin şəxslər 6 ay və ya 1 il əvvəldən ölkəyə gələrək ölkədəki seçkiyə hazırlıq və seçki prosesini izləyir, siyasi vəziyyətlə maraqlanırlar. Sonda isə onlar nəticə ilə bağlı report hazırlayırlar. Görünən odur ki, hakimiyyət dairələri bu qurumların daha ətraflı müşahidə aparmaqlarının, hesabat yazmaqlarına mane olmağa çalışıblar. Məncə müxalifətin seçkilərdə iştirak edib-etməməsindən asılı olmayaraq beynəlxalq ictimaiyyət 2018-ci ildəki seçkiləri legitim olaraq qəbul etməyəcək.”