1979-cu ildə qurulmuş İran İslam Respublikasının ilk xarici işlər naziri, mötədil islamçıların qurumu kimi tanınan Azadlıq Hərəkatı Partiyasının 80 yaşlı lideri İbrahim Yəzdi 8 il həbsə məhkum edilib.
Liberal görüşləri ilə tanınan İbrahim Yəzdi 1979-cu ildə islamçı tələbələr ABŞ səfirliyini ələ keçirib amerikalı diplomatları girov götürəndən sonra xarici işlər naziri vəzifəsindən istefa verib.
Fəaliyyətinə qadağa qoyulmuş İran Azadlıq Hərəkatı Partiyasının lideri İbrahim Yəzdi 2009-cu ildə İranda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra üç dəfə tutulub saxlansa da, sonra mülk girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
“Media forum” saytının məlumatına görə, İbrahim Yəzdinin 8 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərarı Tehran məhkəməsi çıxarıb.
Vəkil Məhəmmədəli Dadxah jurnalistlərə açıqlamasında deyib ki, məhkəmə prosesi qapalı keçirilib və İbrahim Yəzdi İranın milli təhlükəsizliyinə qarşı çıxmaqda və yalan yaymaqda təqsirli bilinib. Vəkil deyib ki, onun müvəkkili prosesin qapalı keçirilməsini düzgün saymır və hesab edir ki, bu siyasi proses açıq, jurnalistlərin, başqa insanların iştirakı ilə keçirilməlidir.
Vəkil İbrahim Yəzdinin bir neçə xəstəlikdən əziyyət çəkdiyini vurğulayıb.