Accessibility links

Haşimi Rəfsəncaninin qızı barədə həbs qərarı çıxarılıb


Haşimi Rəfsəncaninin qızı barədə həbs qərarı çıxarılıb
Haşimi Rəfsəncaninin qızı barədə həbs qərarı çıxarılıb

Faizə Haşimi İranın hazırda “rəzillər, avaralar və xuliqanların əli ilə idarə olunduğunu” söyləyib.

İran İslam Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

“Media forum” saytı xəbər verir ki, həbs qərarı çıxarılsa da, Faizə Haşimi azadlıqdadır, zindana salınmayıb. İranın rəsmi mediası və müxalifət saytları da bu barədə xəbər veriblər. Amerikanın səsinin əldə etdiyi başqa bir məlumata görə Tehran airaportunda Rəfsəncaninin Londonda olan oğlunun ailəsinin pasportları əllərindən alınıb. Onlar Londona getmək istəyirmişlər.

Tehran məhkəməsinin Faizə Haşiminin həbsi ilə bağlı çıxardığı qərar onun xaricdə fəaliyyət göstərən müxalif saytlardan birinə verdiyi müsahibədən dərhal sonraya təsadüf edir. Həmin müsahibəsində Faizə Haşimi ölkənin acınacaqlı durumda olduğunu vurğulayıb, İranın hazırda “rəzillər, avaralar və xuliqanların əli ilə idarə olunduğunu” söyləyib.

Tehran məhkəməsi Faizə Haşiminin 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verərkən onu ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və dövlət quruluşu əleyhinə təbliğat aparmaqda təqsirli bilib.

Məhkəmənin qərarı ilə Faizə Haşimiyə 5 il siyasi fəaliyyətlə məşğul olmaq və media ilə əməkdaşlıq etmək də qadağan olunub.

Faizə Haşiminin vəkili jurnalistlərə açıqlamasında deyib ki, qərardan yuxarı instansiyaya şikayət edəcəklər.

2009-cu ildə İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlara qatılan, ölkədəki “yaşıl hərəkat”a dəstək verən Faizə Haşimi ötən müddət ərzində dəfələrlə qısa müddətə saxlanılıb, təhdid edilib.

Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti olub.

XS
SM
MD
LG