İran Azərbaycanının seçki məntəqələrində, xüsusilə Təbriz və Urmiyə kimi böyük şəhərlərdə aprelin 29-da keçiriləcək İranın parlament seçkiləri ikinci mərhələsinin namizədlərinin bir çoxu seçildikləri təqdirdə türk dilində təhsil haqqı tələbini əsas prioritetlərindən biri edəcəklərini ifadə edirlər.
Mühafizəkar (usulgera) və islahatçı cərəyanlar tərəfindən dəstəklənən eləcə də, müstəqil namizədlər bu vədlərini seçki kampaniyaları, debatlar, nitqlər, bəyanatlar və qəzetlərə müsahibələrində dilə gətirilər.
İSNA xəbər agentliyinə müsahibədə “İran televiziyasında türk dilində 24 saatlıq kanalın açılması” istiqamətində fəaliyyət edəcəyini qeyd edən Təbrizdən seçkilərə namizəd Şəhabəddin Bimiqdar türk dilinin məktəblərdə tədris edilməsinin Təbriz islahatçılarının əsas prioritetlərindən olduğunu vurğulayıb.
İran televiziyasında türk dilində 24 saatlıq kanalın açılması istiqamətində fəaliyyət edəcəyik.İslahatçı namizəd Şəhabəddin Bimiqdar
“Türk dilinin tədrisi Azərbaycan əhalisinin önəmli tələbidir və Türk Dil Qurumunun təsisi məsələsi ilə bərabər gələcək parlamentdə gündəmə gəlməlidir,” deyə Bimiqdarın sözləri mətbuatda yayılıb.
Qadınlar və gənc nəslin namizədi olduğunu söyləyən digər təbrizli namizəd Zəhra Sai də qadınların tələbləri ilə bərabər ana dili ilə bağlı tələblərə də diqqət yetirəcəyini deyib.
Xanım Sai prezident Həsən Ruhaninin Türk Dil Qurumunun təsisinə dair sözünü önə çəkərək şəraitin normallaşması ardından bu vədin həyata keçiriləcəyini irəli sürüb və seçildiyi təqdirdə məclisdə bu məsələni təqib edəcəyini qeyd edib.
Təbrizin mühafizəkar namizədlərindən Məhəmmədrza Mir Tacəddini isə mətbuata müsahibədə “türk dilinin tədris edilib qorunmasının zəruri olduğunu” vurğulayıb.
Urmiyədə türk dilində təhsil tələbi həm usulgera namizəd Ruhullah Həzrətpur həm də islahatçı Hadi Bahadırinin gündəmindədir.
Keçən günlərdə Urmiyənin Qazi Təbatəbai Texniki Peşə Məktəbində iki namizəd arasında debat keçirilib. Debatda tələbələrin suallarını cavablayan urmiyəli siyasətçilər ana dili hüquqları və kimlik məsələsinin önəmli olduğunu ifadə ediblər.
Ainanews internet qəzetinə istinadən, türk dilində keçirilən debatda türk dilini tam bilmədiyini söyləyərək sualını fars dilində verən tələbəyə Hadi Bahadıridən təpki gəlib. “Türk dilini öyrənin. Çünki, bu bir bacarıqdır,” deyə Bahadıri söyləyib.
Azərbaycanlı kürd namizədlər də seçki kampaniyalarında ana dilinin tədrisi tələbini gündəmə gətirirlər.
İran Parlamenti (İranın İslami Şura Məclisi) 290 deputatdan ibarətdir. 10-cu dövr seçkilərinin birinci mərhələsində məclisə daxil olacaq millət vəkillərinin əksəriyyəti müəyyənləşib. İkinci mərhələdə isə 136 namizəd arasından 68 deputat seçiləcək.