“Biz ikinci mərhələyə qalan mühafizəkar (usulgera) və islahatçı namizədlərin səkkizi ilə də oturub sözlərimizi deyirik ki, siz məclisə gedəndə bu məsələlərə diqqət yetirin. Hər iki tərəfdən də bizə vədlər verirlər,” deyə Həsən Ərk Təbrizdə milli fəalların gələcək həftələrdə keçiriləcək parlament seçkiləri ikinci mərhələsinin namizədləri ilə müzakirə etdiklərini bildirir.
Təbrizdən Amerikanın Səsinə danışan fəal və jurnalist 10-cu dövr İran Parlamenti seçkiləri birinci mərhələsinin Təbrizdəki nəticələrini dəyərləndirib. O, habelə namizədlərin seçki kampaniyalarında gündəmə gələn şüarlar və tələblər haqqında məlumat verib. Birinci mərhələdə Təbrizdən seçilən deputatlardan birinin mühafizəkar digərinin isə islahatçı olduğunu önə çəkən cənab Ərk ikinci mərhələyə qalan səkkiz namizədin də bərabər şəkildə mühafizəkarlar və islahatçılardan ibarət olduğunu xəbər verib.
Biz səkkizi ilə də oturub sözlərimizi deyirik ki, siz məclisə gedəndə bu məsələlərə diqqət yetirin. Hər iki tərəfdən də bizə sözlər verirlər ki biz bu məsələləri təqib edəcəyik. Bizim məsələmiz bu deyil ki islahatçı getsin ya usulgera, Azərbaycanın məsələlərini gündəmə gətirsinlər, bizim üçün bu önəmlidir.Həsən Ərk
Həsən Ərkin dediklərinə görə, parlament seçkilərinə namizədliklərini irəli sürən türk fəalların seçki komissiyası tərəfindən diskvalifikasiya edilməsindən sonra Təbrizdə bəzi fəallar digər namizədlər arasında milli tələblərin bir hissəsini gündəmə gətirməyi qəbul edənləri dəstəkləməyə qərar veriblər:
“Hamı yox, Milli Hərəkatda bir sıra fəallar bu fikirdəydilər ki, hərəkatın bəzi istəkləri ilə yola gələ bilən namizədlər ilə işbirliyi olsun. Onlara səs yığılsın, onlarla danışılsın.”
Təbrizdə birinci mərhələdə seçilən iki namizəddən birinin fundamentalist digərinin isə islahatçı olması və ikinci mərhələyə qalanlar arasında fundamentalist-islahatçı sayının bərabər olduğuna diqqət çəkən Həsən Ərk bunun bir mesaj olduğunu deyir.
“Birinci mərhələdə seçilənlərdən Pezeşkiyan islahatçı, Beygi isə usulgeradır, ikinci mərhələyə qalan səkkiz nəfərin də dördü islahatçı və dördü usulgera. Yəni Təbrizin səsini analiz edəndə, burada bir mesaj var, Təbriz öz səsi ilə bunu göstərir ki islahatçı ya usulgera türk milləti üçün fərq etmir... Hansı cərəyan bizim tələblərlə razılaşsa, Azərbaycan Milli Hərəkatı ona yaxınlaşır,” cənab Ərk söyləyir.
Jurnalist keçmişlə müqayisədə bu dövr seçki kampaniyalarında milli tələblər o cümlədən, türk dilində təhsil haqqı tələbinin daha geniş şəkildə və iqtisadi-ictimai problemlər ilə bərabər gündəmə çıxdığını vurğulayır:
“Namizədlər milli tələblərə maraq göstərirlər ancaq onları Pezeşkiyan ya Qazipur kimi kötüklü (hakimiyyət daxilində nüfuz sahibi olan) namizədlər qədər gündəmə gətirə bilmirlər, cəsarət etmirlər.”
İran Parlamenti (İranın İslami Şura Məclisi) 290 deputatdan ibarətdir. 10-cu dövr seçkilərinin birinci mərhələsində məclisə daxil olacaq təqribən 220 millət vəkili, eləcə də ikinci mərhələdə yarışacaq namizədlər müəyyənləşib. İran məclisində 6 deputatı olan Təbriz seçki dairəsində isə iki namizəd birinci mərhələdə lazim olan səsi əldə edib və digər 4 deputat ikinci mərhələyə qalan 8 namizəd arasından seçiləcək.
Ərk milli fəalların seçkilərin ikinci mərhələsinə qalan namizədlər ilə görüşərək öz tələblərini müzakirə etdiklərini bildirir.
“Biz səkkizi ilə də oturub sözlərimizi deyirik ki, siz məclisə gedəndə bu məsələlərə diqqət yetirin. Hər iki tərəfdən də bizə söz verirlər ki, biz bu məsələləri təqib edəcəyik. Bizim məsələmiz bu deyil ki, islahatçı getsin yaxud usulgera, Azərbaycanın məsələlərini gündəmə gətirsinlər, bizim üçün bu önəmlidir. Buna görə, fəallar hər iki cərəyana gedirlər, danışırlar, lobbiçilik edirlər... Siyasi atmosferdə üstünlük islahatçılardadır. Əhali onların fikrini qarşılayır. Mən düşünürəm ki, islahatçılar daha çox səs alacaq,” deyə təbrizli jurnalist əlavə edir.”