"Qanun qadınların prezident olmasına icazə vermir”

Məhəmməd Yəzdi

Bu bəyanatla İran Konstitusiyaya Nəzarət Şurasının üzvü Məhəmməd Yəzdi çıxış edib. Onun sözlərinə görə, prezidentliyə namizədliyini irəli sürənlər arasında on-on iki xanım da var
Konstitusiyaya Nəzarət Şurasının üzvü ayətullah Məhəmməd Yəzdi mayın 16-da jurnalistlərlə görüşündə iyunun 14-də İranda keçiriləcək prezident seçkisindən danışıb.

“Media forum” saytının məlumatına görə, axund Məhəmmədi Yəzdi deyib ki, prezidentliyə namizədliyini irəli sürmüş 686 nəfərdən 12-si qadındır: “Çətin bir vəziyyət yaranıb. Prezident olmaq üçün 686 nəfər namizədliyini irəli sürüb və qeydiyyatdan keçib. Lakin aydın məsələdir ki, onların əksəriyyəti prezident olmaq istəmir. Sadəcə, gəliblər desinlər ki, biz də varıq və onların şəkilləri, videoları yayılsın.

Prezidentliyə namizədliyini irəli sürənlər arasında on-on iki xanım da var. Həmin xanımlardan biri jurnalistlərə deyib ki, prezident seçilsəm, hökumətdəki nazirlərin yarısını qadınlardan seçəcəyəm. Bizdə məşhur bir məsəl var. Deyir ki, birisini kəndə buraxmırlar, kəndxudanın evinin yerini soruşur. Bizdəki qanun qadınların prezident olmasına icazə vermir”.