İranın dövlətə məxsus mediası Ali Məhkəmənin Mərkəzi Kəşfiyyat İdarəsinin xeyrinə casusluq ittihamları ilə həbs edilmiş ikili vətəndaşlığa malik amerikalı iranlının ölüm hökmünü ləğv etdiyi haqda məlumat verib.
Baş prokurora istinadən edən İSNA xəbər agentliyi bildirib ki, ABŞ-ın keçmiş dəniz piyadası olan Əmir Mirzə Hekmatinin işi yenidən baxılmaq üçün məhkəməyə göndərilib. İranın İnqilabi Məhkəməsi yanvar ayında Hekmatinin bir neçə maddə üzrə məhkum olduğunu bildirmişdi. Buraya dşümən ölkə ilə əməkdaşlıq etmək, Mərkəzi Kəşfiyyat İdarəsinin üzvü olmaq və İranı terrorizmə cəlb etmək daxildir.
28 yaşlı Hekmati dekabr ayında həbs edilib. İran televiziyası dekabr ayında Hekmatinin ingilis və fars dillərində öz cinayətlərini etiraf etdiyi görüntüləri yayımlamışdı. Hekmati Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimi İranın kəşfiyyat nazirliyinə daxil olmaq üçün göndərildiyini demişdi.