İran Azərbaycanında məktəblərin açılışı ərəfəsində türkcədə təhsil haqqının təmin edilməməsi və umimiyyətlə uşaqların ana dilində təhsil almaqdan məhrum olmalarına qarşı etirazlar çoxalıb.
“Güney Azərbaycan şəhərlərində yeni təhsil ilinin başlaması münasibəti ilə divarlarda dövlətin məktəblərdə həyata keçirdiyi sistemli farslaşdırma siyasəti və türkcədə təhsilin qadağasına qarşı etiraz nümayiş etdirən şuarlar yazılıb,” deyə Azərbaycan veb səhifələri qeyd edib.
Bu istiqamətdə Kərəcin Rəcayi-şəhr zindanında həbsdə olan Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının başqanı Lətif Həsəni İran prezidenti Həsən Ruhaniyə açıq məktub unvanlayaraq, üç gün sükut elan edəcəyini bildirib.
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) isə öz veb səhifəsində məsələ ilə əlaqədar sentyabrın 20-də Niderlandın Amsterdam şəhərində etiraz aksiyası təşkil edəcəyini bildirib.
Araz News saytının da yaydığı məlumata istinadən, Vaşinqtonda yaşayan Azərbaycan türkləri İranda məktəblərin açılışı münasibəti ilə ana dilində təhsil tələbi ilə İran İslam Respublikasının maraqlarını təmsil edən Pakistan səfirliyi qarşısında etiraz aksiyası keçirəcəklər.
İranda məktəblər Günəş təqvimi ilə ilinin doqquzuncu ayının birinci günü (sentyabr 21-23) açılır.