İnsan haqları qrupları 40 gün öncə Urmiyə şəhərinin mərkəzi zindanının 12-ci bölməsindən çıxarıldıqdan bəri edama məhkum olmuş 6 məhbusun taleyi ilə bağlı məlumatsızlığın davam etdiyini bildirir.
Məhkumların Zəncan həbsxanasına köçürülməsi, ya onlardan bir neçəsinin edam hökmünün icra olunmasına dair xəbərlər yayılsa da, İran İslam Respublikasının məhkəmə rəsmiləri bu məlumatı nə təsdiq, nə də təkzib etməyib.
Məhbuslardan biri İran Azərbaycanının əhli-haqq (ələvi) türklərindən olan Yunus Ağayan Əlibəyli təqribən 10 il öncə həmin cəmiyyətin digər mənsubları ilə bərabər Qoşaçay şəhərinin Üçtəpə kəndində həbs edilib.
Digər beş məhkum Saman Nəsim, Sirvan Najavi, İbrahim Şapuri, Əli Əfşari və Həbibullah Əfşari Qərbi Azərbaycan və Kürdüstan vilayətində yaşayan etnik kürdlərdəndir.
Onların Urmiyə həbsxanasının 12-ci bölməsindən çıxarılmasından az müddət sonra Oyan News saytına məlumat verən Yunus Ağayanın atası Zəncan zindanına müraciət etmiş ancaq oğlu ilə bağlı hər hansı məlumat ala bilmədiyini bildirmişdi.
İranda insan haqları pozuntuları haqqında xəbər yayan HRA agentliyinə istinadən, bu müddət ərzində məhkumlar və ailələri arasında hər hansı təmas olmayıb.
“Saman Nəsimin bütün şəxsi əşyaları o cümlədən, xatirə dəftəri onun ailəsinə verilib. Lakin ailə hələ də övladı ilə bağlı ümidini itirməyib,” deyə HRA qeyd edir.
Kürdüstan vilayətinin Mərivan şəhərindən olan Saman Nəsim silahlı fəaliyyətlərlə məşğul olmaq ittihamı ilə mühakimə edilib. Amnesty International təşkilatının yazdığına görə, Nəsim 2011-ci ilin iyul ayında tutulduğu zaman 17 yaşı olub. O, həbs edildikdən iki il sonra edam cəzasına məhkum edilib.