Accessibility links

Urmiyə zindanında aclıq edən məhbusların durumu ağırdır


Aclıq edən məhbusların bəziləri edam məhkumlarıdır.
Aclıq edən məhbusların bəziləri edam məhkumlarıdır.

Otuza yaxın məhbus noyabrın 20-dən birgə aclıq aksiyasına başlayıb

İnsan haqları qrupları Urmiyə zindanında əksəriyyəti etnik kürd olan 30-a yaxın məhbusun bir aydan artıqdır başlatdığı birgə aclıq aksiyasını davam etdirdiklərini bildirirlər.

İranda İnsan Haqları üzrə Beynəlxalq Kampaniyanın yaydığı məlumata görə, noyabrın 20-dən aclıq aksiyasına başlamış məhbuslar çox sayda məhbusla doldurulmuş Urmiyə Mərkəzi zindanının ağır şəraiti, habelə siyasi məhbusların digər məhbuslarla eyni bölmədə saxlanılmasına etiraz edirlər.

İnsan haqları qurumu həmçinin məhbusların aksiyaya son vermədikləri təqdirdə əlavə ittihamlarla mühakimə edilməkdə təhdid edildiyini bildirir.

Aksiya keçirənlərin arasında Azərbaycan kürdlərindən əlavə Kürdüstan vilayətindən olan kürdlər də var, lakin onlar Qərbi Azərbaycan məhkəmələrində mühakimə edilmiş və Urmiyə zindanında saxlanılırlar.

Amnesty International təşkilatı isə aclıq aksiyası keçirənlər arasında olan 10 edam məhkumu haqqında ətraflı bəyanat yayıb. Beynəlxalq qurum edam məhkumlarının hökmün erkən icrası ilə təhdid edildiyini qeyd edib.

Urmiyə zindanında saxlanılan edam məhkumlarından biri Kürdüstan vilayətinin Mərivan şəhərindən olan Saman Nəsim silahlı fəaliyyətlərlə məşğul olmaq ittihamı ilə mühakimə edilib. Amnesty Internationalın yazdığına görə, Nəsim 2011 iyul ayında tutulduğu zaman 17 yaşı olub. O, həbs edildikdən iki il sonra edam cəzası alıb.

İranda İnsan Haqları üzrə Beynəlxalq Kampaniya aclıq edən 12 məhbusun sağlığının təhlükəli durumda olduğunu bildirib. O məhbuslar bunlardır:

Əli Əfşari, Məhəmməd Abdullahi, Şerko Həsənpur, Xızır Rəsul Mürvət, Əlirza Rəsuli, Yusuf Kake Məmi, Sirvan Najavi, Osman Mustafapur, Əhməd Temuyi, Abdullah Umumi, Saman Nəsim və Şureş Əfşari.

XS
SM
MD
LG