İran Azərbaycanında həbs olunan etirazçıların bəzilərinin adları məlum olub

Zəncan - 16 noyabr 2019

İranda benzin qiymətinin artması ardından baş qaldıran etirazlar zamanı Zəncan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində nəzarət altına alınan təqribən 30 vətəndaşın adları məlum olub.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinin adlarını yaydığı vətəndaşlar Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Qoşaçay (Miyandab) və Meşkin şəhərlərində saxlanılıblar.

SEE ALSO: İran Azərbaycanında öldürülən etirazçılarla bağlı məlumat yayılıb

Siyahıya əsasən, Babək Hüseyni, Şahin Bərzgər, Davud Şiri, Əyyub Şiri, Ruzbeh Piri, Yaşar Piri, Fəraz Novruzi, Məhəmməd Mahmudi, Əkbər Mühaciri, Hüccət Muxtarzadə, Səccad Sıdqi, Əkbər Rasıxi, Qüdrətullah Yusufi və Əmir Tahir Təbrizdə, Salar Tahiri Afşar və Əli Əzizi Urmiyədə, Qəffar Rzaiyan, Məhəmməd Qəffari, Əkbər Ramazani, Məcid Fəxri, Əlirza Məhərrəmi, Həmid Dosti və Bəhram Cəfəri Zəncanda, Meysəm Colani, Mehrdad Şeyxi və Arəş Cavanşir Ərdəbildə, Siyamək Seyfi Meşkində, Tovhid Xadimi və Əhməd Abidi isə Qoşaçay şəhərində saxlanılıblar.

Tutulanların bəziləri təhlükəsizlik qurumlarının həbsxalarında bir neçə gün sorğu-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.

Rəsmi qurumların daha əvvəl bildirdiyinə görə, noyabrın 15-də başlayan kütləvi aksiyalar zamanı Şərqi Azərbaycanda 40, Zəncan vilayətində isə 30-a yaxın vətəndaş saxlanılıb.

Artan benzin qiymətinə qarşı noyabrın 15-də baş qaldıran və günlərlə davam edən kütləvi aksiyalarda minlərlə etirazçının saxlanıldığı və təqribən 150 vətəndaşın həlak olduğu bildirilir.