İran Azərbaycandan səfirini geri çağırıb

  • Amerikanın səsi

İran Bakıda Eurovision mahnı müsabiqəsinin başlanmasından öncə özünün Azərbaycandakı səfirini geri çağırıb. İranın Bakıdakı səfirliyi səfir Məhəmməd Bağır Bəhraminin “islam dininin təhqir olunması” ilə bağlı məsləhətləşmələr keçirmək üçün bazar ertəsi günü Tehrana yola düşdüyünü təsdiq edib.

Eyni zamanda, Azərbaycanın Tehrandakı səfiri İran hökumətinin bildirdiyi kimi izahat vermək üçün Xarici İşlər nazirliyinə çağırılıb. Rəsmi İRNA agentliyinin verdiyi məlumata görə, İranın Xarici İşlər nazirliyində Azərbaycanın ölkədəki Cavanşir Axundova etiraz notası verilmişdir.

Son həftələr İran və Azərbaycan arasında münasibətlərdə gərginlik müşahidə olunur. Keçən həftə Bakıda İran səfirliyi qarşısında keçirilən nümayişlərdə etirazçılar İranın anti-Azərbaycan siyasətini və İranda azərbaycanlıların hüquqlarının pozulmasını qınayıblar. Aksiya zamanı nümayişçilər İran liderlərini məsxərəyə qoymaq məqsədilə prezident Mahmud Əhmədinejad və ölkənin dini lideri Ayətullah Xamneinin şəkillərini tutmuşlar.

İranın din xadimləri Azərbaycanı Eurovision mahnı müsabiqəsinə ev sahibliyi etməsi və Bakıda homoseksualların paradının keçirilməsinə icazə verilməsilə əlaqədar qınamışlar.