Tanınmış foto-jurnalist Rza Diqqəti dünyanın bir sıra regionlarında ekoloji durumu işıqlandıran foto-reportajların müəllifidir. Rza Diqqəti Urmiyə gölündə yaranmış vəziyyəti yaxından izlədiyini bildirir. O, deyir ki, İran hökumətinin Urmiyə gölündə yaranmış vəziyyətə münasibəti ümumilikdə azərbaycanlıların dil və mədəni hüquqları kimi başqa məsələlərə göstərdiyi biganəliyi əks etdirir. Rza Diqqəti hesab edir ki, beynəlxalq ictimaiyyət məsələyə müdaxilə etməli və İran hökumətini faciənin baş verməməsi üçün tədbir görməyə vadar etməlidir. Onunla müsahibəni təqdim edirik.
Dilşad Əliyarlı: Rza bəy, son zamanlar Urmiyə gölündə ekoloji vəziyyətlə əlaqədar İran Aərbaycanının şəhərlərində etiraz aksiyaları keçirilib. Xalq Urmiyə gölünün belə fəlakətli vəziyyətdə olmasına etirazını bildirir. Göl quruyur və bu şəraitin, bu halın davam etməsinə xalq göz yuma bilmir. Bu ekoloji fəlakəti nə ilə müqayisə etmək olar?
Rza Diqqəti: İranda təkcə Urmiyə deyil, başqa yerlərdə də belə problemlər var. Amma Urmiyə bu problemlərin lap önündə gedir. Çünki neçə illərdir, 90-cı illərin əvvəllərindən burada bəndlər qoyublar . Urmiyə gölünə axan çox sayda çayın qarşısını alıblar. Bundan sonra Urmiyə yaxınlığında yol çəkilib. Belə görünür, Urmiyənin yox olmasını istəyirlər. Dünyada bir dövlətin öz ekologiyasına belə rəhmsiz yanaşması görünməyib və insanların da ekoloji problemə belə etiraz bildirməsi, hökumətin isə onları buna görə həbsə alması kimi bir şey görünməyib. 300-dən nəfərdən çox adamın həbsə alındığı deyilir. İlk dəfədir ki, insanlar ekoloji problemə belə şəkildə etiraz edirlər.
SUAL: Rza bəy, siz Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş foto-reportaj hazırlamısınız, siz dünyanın bir sıra yerlərində, ekoloji fəlakətlərin olduğu yerlərdə vəziyyətlə tanış olmsunuz. Burada vəziyyətin bu həddə gəlməsinin başlıca səbəbi nədir? Siz özünüz qeyd etdiniz ki, bu yeganə haldır ki, hökumət məsələyə belə biganə yanaşır.
CAVAB: Bunun birinci səbəbi kimi deyə bilərəm ki, bu, İran hökumətinin həm Azərbaycanın xalqına, həm də onun ekologiyasına düşmən münasibətidir. Digər tərəfdən, Urmiyə gölünə axan çayların üzərində ya bəndələr qoyulub, ya da ki əkin sahələrinin arasından yol çəkilib, bu da Urmiyə və onun ətraflarında canlı aləmin məhv olmasına gətirib çıxarır. Urmiyə ətrafında 200-dən çox növ quş, 40-dan çox növ sürünən heyvan, gölün özündə 26 növ balıq yaşayır. Bunların çoxu dünyada yox olmaq təhlükə qarşısında olan növlər kimi UNESCO tərəfindən qeydə alınıb. Amma belə görünür, hökumət bunlara diqqət etmir. Təkcə azərbaycanlılar və iranlılar deyil, elə bütün dünyada indi belə bir faciənin olduğunu tədricən anlamağa başlayıblar. İndiyə kimi etiraz edən 300-dən çox adam həbs edilib. Mən eşitdim ki, adamlar hətta deyir ki, yəni faciə elə bir məqamə yetişib ki, adamlar belə deyir: “Gəlin gedək ağlayaq, Urmiyəni dolduraq”.
SUAL: Rza bər siz özünüz də qeyd etdiniz ki, UNESCO Urmiyə gölünü nadir və təbiətinin qorunmalı olduğu bir göl kimi qeydə alıb, amma təəcüblüdür ki, beynəlxalq təşkilatlar məsələyə indi-indi diqqət yetirməyə başlayıb. Sizcə, UNESCO-nun özü, BMT-nin ekologiyaya nəzarət edən qurumları, yəni beynəlxalq təşkilatların məsələdə rolu nədən ibarətdir?
CAVAB: UNESCO bu məsələ ilə illərdir məşğul olur. Məsələ ilə bağlı çox sayda konfrans keçirilib. Urmiyə gölündə vəziyyətlə əlaqədar Ramsar Konvensiyası İran hökumətinə müraciət edərək, görülməsi lazım olan işləri tövsiyə etmişdi. Amma bilirsiniz ki, bu hökumət beynəlxalq ictimaiyyətin müraciətlərinə diqqət verməyərək, özünü təcrid edilmiş vəziyyətdə saxlayır, beynəlxalq ictimaiyyətin dediklərinin əksinə hərəkət edir. Problem pis vaxta düşüb, Urmiyə ölüm günlərini yaşayır.
SUAL: Rza bəy, sizcə vəziyyətdən çıxış yolu nədir? Həqiqətən də Urmiyə gölünü xilas etmək üçün nə etmək lazımdır və bunu necə etmək olar?
CAVAB: Birincisi, gölə su gətirən çayların yolunu açmaq lazımdır. Bir neçə həftə bundan əvvəl İran parlamentində bəndləri açıb, çaylardan gölə su gətirilməsinə dair proqram müzakirə edilmişdi. Amma 92 vəkil buna səs vermədi və parlamentdə onu qəbul etmədi. Bu sulardan kənd təssürafında istifadə edilir. İran hökumətinin illərdir azərbaycanlılarla olan ziddiyyətləri isə başqa səbəbdir. Hökumət istəyir ki, Azərbaycanla bağlı hansı məsələ varsa, dilindən tutmuş, mədəniyyətindən tutmuş, ekologiyasına qədər hamısını aradan aparsın.
SUAL: Rza bəy, əgər bu ekoloji vəziyyət davam etsə, bu, başqa regiona da keçə bilər. Bu, ümumilikdə İranın ekologiyasına necə təsir edə bilər? Gələcəyə baxıb bu gölü xilas etmək mümkün deyilmi?
CAVAB: Bilirsinizmi, mən Xəzər dənizi haqda layihə üzərində işləyəndə Türkmənistanda olmuşdum və orada bir boğaz var idi. Onu qurutmuşdular və o quruyandan sonra bir faciə yaranmışdı. Gölün ətrafında kilometrlərlə böyük ərazidə duz külək vasitəsilə bütün hər yerə yayılıb. Bütöv bir ərazidə canlı aləmi məhv edib. Bu göl də qurusa, onun dibindəki duzlar və radiaktiv elementlər Azərbaycan ərazisindən kənarda başqa yerlərə də yayılacaq. Bu regionlar ekoloji baxımdan bir-biri ilə bağlıdır. Göl quruyandan sonra Azərbaycan ərazisində kənd təsərrüfatı aradan gedəcək və bunun da insanlara təsiri var, bunun insanlar üçün təhlükəsi var. Bu məsələ təkcə İrana aid deyil, bu, Azərbaycana da aiddir, Türkiyəyə də aiddir, regionda olan başqa ölkələrə də. Bütün dünyada insanlar bilir ki, ekologiya bizim həyatımıza birbaşa təsir göstərir. Bunlar hamısı əl-ələ verib İran hökumətini məsələni həll etməyə vadar etməlidir. Çünki bu işi İran hökuməti görə bilər. İnsanlar etiraz edəndə onları həbs edirlər, beynəlxalq ictimaiyyətin sözünə baxmırlar. Ona görə də bütün dünyada ekologiyanın insanların həyatına nə dərəcədə təsir göstərdiyini bilən insanlar birlikdə İran hökumətindən bu faciənin baş verməsinin qarşısını almasını istəməlidir.