İranda təhlükəsizlik qüvvələri və iğtişaş polisi azərbaycanlıların yaşadığı Təbriz, Urmiya, Mərənd, Marağa və Miyanə şəhərlərində Urmiya gölündə yaranmış ekoloji vəziyyətlə əlaqədar keçirilən etiraz nümayişlərini dağıdıb.
Bu haqda İranda azərbaycanlı siyasi məhbusları müdafiə komitəsi ADAPP açıqlama yayıb. Açıqlamada deyilir ki, nümayişçiləri dağıtmaq üçün dəyənəklər və gözyaşardıcı qazdan istifadə edən iğtişaş polisi və təhlükəsizlik qüvvələri onlarla adamı həbs edib.
Şahidlər Qərbi Azərbaycan vilayətinin paytaxtı Urmiyada onlarla adamın həsb edildiyini deyb. Nümayişə çıxan insanların Urmiya gölünün qurumasının qarşısını almaq üçün hökuməti tədbir görməyə çağıran şüarlar bağırdığı bildirilir.
ADAPP-ın öz mənbələrindən aldığı məlumata görə, Təbriz unviersitetində azərbaycanlı tələbələr assosiasiyasının katibi Əfsanə Toğir, azərbaycanlı fəallar Əkbər Mücahir, Həsən Mirzəxani və Məhəmməd İsgəndərzadə həbs olunanlar arasındadır.
Azərbaycanlı fəallar Hüseyn Əhmədian və Əli Əhməd İmanın nümayişlərdən bir neçə gün əvvəl həbs edildiyi bildirilir.
Urmiyə gölünün qurumasına etiraz nümayişləri 2006-cı ildə İranın azərbaycanlıların yaşadığı şəhələrində may nümayişlərinin altıncı ildönümünün tamam olduğu vaxt keçirilir.Altı il bundan əvvəl may nümayişləri zamanı təxminən on nəfər ölmüş, minlərlə insan həbs edilmişdir.
Qərbi və Şərqi Azərbaycan vilayətləri arasında yerləşən Urmiya gölünün quruması ərazidə yaşayan azərbaycanlıları böyük ekoloji fəlakət qarşısında qoymuşdur. Urmiya dünyanın böyük göllərindən biri hesab edilir.
Ətraf mühit fəallarının bildirdiyinə görə, son zamanlar göldə yaradılmış bəndlər, habelə Urmiya və Təbriz şəhərləri arasında salnımış körpü göldə suyun buxarlanmasına səbəb olmuşdur. Ekspertlərin sözlərinə əsasən, gölün quruması ərazidə yaşayan təxminən 13 milyon əhalininin həyatına öz təsirini göstərir.
Son illər azərbaycanlıların yaşadığı şəhərlərdə Urmiya gölündə yaranmış ekoloji vəziyyətlə əlaqədar keçirilmiş dinc aksiyalar İranın təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb