İlqar Nəsibovun qəddarcasına döyülməsi ilə bağlı hələ də cinayət işi açılmayıb. Naxçıvan şəhər Polis İdarəsi inzibati araşdırmanı davam etdirdiyini bildirir. Bu barədə avqustun 21-də Naxçıvanda döyülərək ağır xəsarətlər alan hüquq müdafiəçisi İlqar Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova Amerikanın Səsinə bildirib.
APA agentliyinin bu gün yaydığı məlumata görə Naxçıvan Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin ofisində döyülməsi ilə əlaqədar növbəti məlumatını yayıb. Belə ki, agentlik bildirir ki, Naxçıvan DİN 2014-cü il 23 avqust tarixdə yaydığı məlumata yeni əlavələr edib.
Məlumatda deyilir ki, Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsi tərəfindən aparılan araşdırma zamanı aydın olub ki, Naxçıvan şəhər sakini İlqar Nəsibov avqustun 21-də saat 22:30-da sərxoş vəziyyətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasına gətirilib, aldığı xəsarətə görə ona ilkin tibbi yardım göstərilib. Avqustun 22-də həyat yoldaşının təkidi ilə İlqar Nəsibov evə buraxılıb.
Saxlanılan Fərid Əsgərov öz izahatında bildirib ki, onun ailə üzvləri iqtidaryönümlüdür. Bu səbəbdən İlqar Nəsibov onun ailə üzvləri barədə nalayiq və təhqiramiz ifadələr işlədib. Fərid Əsgərov təhqiramiz ifadələr işlədən İlqar Nəsibovun cavabını verib, bu isə qarşılıqlı ittihama və davaya səbəb olub.
Agentlik bildirir ki, məlumata Naxçıvan Xəstəxanasının arayışı da əlavə olunub.
M.Nəsibova isə Amerikanın Səsinə deyib ki, avqustun 25-də İlqar Nəsibov məhkəmə tibbi ekspertizasından keçirilib. “Naxçıvan Daxili İşlər Nazirliyi İlqar Nəsibovun içkili olduğunu bildirir. Ancaq nə İlqar döyülən gün, nə də dünən spirtli içkilərin qəbulu ilə bağlı test keçirilməyib. Həkimlərin ilk gündə keçirdiyi müayinələrin nəticələrini də oxumuşam, Avqustu 21-də keçirilən müayinələrin nəticəsi olaraq İlqarın içkili olması barədə hər hansı qeyd yox idi. Mən özüm də İlqarın yanında idim. O içkili deyildi. Bütün bunlar nazirliyin məlumatının yalan və böhtan olduğunu sübut edir”.
Bununla yanaşı, Məlahət Nəsibova Daxili İşlər Nazirliyinin Fərid Əsgərov və onun ailəsi ilə bağlı yaydığı məlumatların həqiqətə uyğun olmadığını deyib. “Naxçıvan Daxili İşlər Nazirliyi əvvəlcə Fərid Əsgərovun müxalifətçi, sonra isə ailəsinin iqtidarı dəstəklədiyini bildirir. Fərid Əsgərov bir qayda olaraq bizim ofisdə keçirilən müxalifətin tədbirlərində müxalifətçi kimi könüllü olaraq ştirak edib. Onun atası isə keçmişdə Azərbaycan Xalq Cəbhəsinin fəal üzvlərindən idi. Bunlar bir daha Fərid Əsgərovun hakimiyyətin sifarişi ilə işlədiyi qənaətinə gəlməyə əsas verir”, o qeyd edib.
Hüquq müdafiəçisi eyni zamanda bildirib ki, Naxçıvanda hər şey hakimiyyətin öz əlindədir. “Həkimlərə də nə istəsələr yazdıra bilərlər. İlqara xəstəxanada təhlükə yarada bilərdilər. Bəlkə də hansısa təsiri sonradan bilinəcək dərmanlar verilib? Təhlükələri nəzər alaraq İlqarı xəstəxanadan evə gətirdim. Bir qədər səhhəti imkan verən kimi müalicə üçün Bakıya aparacam”.
İlqar Nəsibovun döyülməsini övladları da çox ağır qarşılayıb. Onun övladları xaricdə təhsil alır. “Uşaqlar hələ də depressiyadadır. Sağ olsun oradakı dostları onlara həmdəm olurlar”, M.Nəsibova bildirib.