Accessibility links

ABŞ Senatoru və Sərhədsiz Reportyorlar İlqar Nəsibovun döyülməsini qəti şəkildə pisləyir


Ilqar Nəsibov
Ilqar Nəsibov

Nəsibovun səhhəti stabil-ağır olaraq qalır. Məhkəmə-tibbi ekspertiza təyin edilməyib, cinayət işi qaldırılmayıb

Hüquq müdafiəçisi İlqar Nəsibovun qəddarcasına döyülməsi ilə bağlı kəskin etiraz bəyanatları ara vermir.

ABŞ senatoru Ben Kardin Facebook səhifəsində Azərbaycan hökumətini İ.Nəsibovun döyülməsi faktının hərtərəfli araşdırılmasına çağırıb. “İlqar Nəsibov uzun illər jurnalist və hüquq müdafişçisi kimi çalışıb və biz onunlayıq”, B.Kardin bildiirb.

“Sərhədsiz Reportyorlar” təşkilatının baş katibi Kristof Delor İlqar Nəsibova qarşı qanlı zorakılığı qəti şəkildə pisləyib.

“Sərhədsiz Reportyorlar” Naxçıvanda İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən şoka düşüb. O, Naxçıvan şəhərindəki mərkəzdə qan içində, huşsuz vəziyyətdə tapılıb. Onun həyat yoldaşı Məlahət Nəsibova baş verənlərdə hakimiyyəti ittiham edir.

İlqar çoxsaylı sınıq xəsarəti alıb, üzü tanınmaz hala salınıb, hazırda reanimasiyadadır. Daxili qanaxmanın olması ilə bağlı şübhələr var. Nəsibovlar bu zorakılığın səbəblərini bilmirlər, lakin bunda hakimiyyətin əli olmasından şübhələnirlər.

2011-ci ildə M.Nəsibova Naxçıvan Muxtar Respublikasını “repressiyalar laboratoriyası” adlandırmışdı. “Hakimiyyət bütün repressiv metodları öncə burada sınaqdan keçirir, sonra bütün Azərbaycana tətbiq edir”, o bildirmişdi.

Əgər İlqarın həyat yoldaşının şübhələri gercəkdirsə, növbəti vəhsilik və qanunsuzluq Azərbaycan hakimiyyətinin tənqidi səsləri susdurmaq cəhdlərinin bir halqası olacaq.

Bu qanlı cinayətdə kimin günahkar olmasından asılı olmayacar cəzasını almalıdır. Biz beynəlxalq birliyi baş verənlərə reaksiya verməyə çağırırıq ki, bu cür zorakılıqlar cəzasız qalmasın”, Delor vurğulayıb.

“Sərhədsiz Reportyorlar” qeyd edir ki, 2014-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti, müstəqil mətbuat hakimiyyətin görünməmiş təzyiqlərinə məruz qalıb.

Naxçıvan Muxtar Respublikası isə jurnalistlərə qarşı ən çox zorakılığın törədildiyi dəhşətli yer olaraq qalır.

Xatırladaq ki, Naxçıvan polisi bildirib ki, İ.Nəsibov vətəndaş Fərid Əsgərovla yaranan məişət münaqişəsi zəminində döyülüb və faktla bağlı inzibati araşdırma aparılır.

M.Nəsibova bunun yalan olduğunu bildirib. Onun fikrincə, İlqara hücum hakimiyyətin onların rəhbərlik etdiyi Resurs Mərkəzinin fəaliyyətini məhv etmək məqsədilə qisas almasıdır.

Bununla yanaşı İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən beş gün keçsə də cinayət işi qaldırmayıb. Bundan əlavə, indiyədək məhkəmə-tibbi ekspertizası da təyin edilməyib. Bu barədə avqustun 25-də Məlahət Məlahət Nəsibova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları araşdırmanın nəticələri və cinayət işinin açılıb-açılmaması barədə məlumat vermir.

İ. Nəsibovun səhhətinə gəlincə, M.Nəsibova onun vəziyyətinin stabil ağır olduğunu bildirib. O, Naxçıvanda vəziyyəti nəzərə alaraq, təhlükəsizlik məqsədilə müalicənin evdə davam etdirilməsini vacib sayıb.

M. Nəsibova bu cinayətin araşdırılmasından hakimiyyətin faktiki olaraq imtina etməsi ilə bağlı hüquq- mühafizə orqanlarından şikayət edəcəyini də istisna etməyib.

XS
SM
MD
LG