Avropa Məhkəməsi İlqar Məmmədovun şikayətinə növbədənkənar baxacaq

Avropa Məhkəməsi

Avropa Məhkəməsi Azərbaycan hakimiyyətinə işlə bağlı suallar göndərib. Hakimiyyət iyunun 18-nə qədər suallara cavab verməlidir
Aprelin 9-da Avropa İnsan Hüquqları Məhkəməsi ReAl hərəkatının lideri İlqar Məmmədovun həbsi haqqında iş üzrə kommunikasiyaya başlayıb.

Vəkil Fuad Ağayevin Turan-a verdiyi məlumata görə, Avropa Məhkəməsi Azərbaycan hakimiyyətinə bu işlə bağlı bir sıra suallar göndərib. Hakimiyyət iyunun 18-nə qədər Strasburqa cavab verməlidir.

Şikayət bu ilin fevralında Azərbaycan Respublikasının Prokurorluğu, Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi, Daxili İşlər Nazirliyi, yerli məhkəmələrin İ.Məmmədovun hüquqlarını kobud və çox sayda pozması ilə bağlı verilib.

Şikayətdə Konvensiyanın 5 (azadlıq hüququ), 6(2)(təqsirsizlik prezumpsiyası), 13 (səmərəli hüquq müdafiə vasitələri hüququ), 14 (ayrıseçkiliyin qadağası) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması barədə məsələlər qaldırılıb, deyə Ağayev bildirib.

Xatırladaq ki, istintaq orqanı İlqar Məmmədovu yanvarın 23-24-də İsmayıllı şəhərində iğtişaşları təşkil etməkdə ittiham edib. Lakin bu ittiham élan edildikdən sonra Avropa Şurasının Baş Katibi iki dəfə şəxsən İlqar Məmmədovun vəkillərinə zəng edib və istintaqın gedişatı ilə maraqlanıb.

Bundan başqa, o, ayrıca bəyanatla çıxış edərək, Məmmədovun dərhal azad edilməsini tələb edib.